Məhkəmə qərarları › İş №8(012)-352/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-352/2024

20.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-352/2024 20.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu əmlakının üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Borclu (VÖEN **********) 17 may 2021-ci il tarixinə hesablanmış 840909 manat məbləğində əsas borc, 9000 manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 850439 manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəmə iclasında təqdimatı onunla əsaslandırdı ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 850439 manat məbləğində pul vəsaiti AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Sözügedən icra sənədi üzrə tələb borclunun Xaçmaz rayonunda yerləşən torpaq sahəsinə yönəldilmiş, borcluya məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsi ləğv prosesində olan "xxxx" ASC-də girov qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu adına bir ev və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-352/2024 saylı işi üzrə Borclu Abşeron Rayon İcra və Probasiya şöbəsinin borclunun əmlakının üzərinə həbs qoyulmasına dair xx/xx/204321Q saylı, 11 iyul 2024cü il tarixli təqdimatının rədd edilməsi tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Borclu ərizəsində qeyd etmişdir ki, qeyd olunan borc sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan həbs mübahisə predmeti olan istixana avadanlığının və kommersiya təyinatlı torpaq sahəsinin üzərinə qoyulmalıdır. Bildirirlər ki, Borclu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qarşısında Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, 850439 manat, ümumilikdə isə ******* manat borc öhdəliyi mövcuddur. Həmçinin adıçəkilən istixana avadanlığı lizinq predmeti olduğuna görə agentliyin mülkiyyətindədir. Bu səbəbdən borclunun tələbi qanunsuzdur və təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq o, Borclu tələbinin rədd edilməsi, Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx/xx/204321Q saylı, 11 iyul 2024-cü il tarixli təqdimatının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron Rayon İcra Şöbəsinin icra məmuru onun yaşadığı evlərə həbsin qoyulmasına dair təqdimat vermişdir. Nəzərə çatdırır ki, borc lizinq avadanlığına görə yaranmışdır. Həmin avadanlıqlar (istixana) hazırda Xaçmaz rayonu, Köhnə Xudat kəndində mülkiyyətində olan kommersiya təyinatlı torpaq üzərində qurulmaqla saz vəziyyətdədir. İstixanın hazırki likvid qiyməti ******* manatdan, kommersiya təyinatlı torpaq sahəsinin likvid dəyəri isə ******* manatdan yuxarıdır. Onun borcu sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan hesab edir ki, icra məmuru tərəfindən həbs də həmin torpaq sahəsi və avadanlığın üzərinə qoyulmalıdır. İcra məmuru həmin obyektlərin qiymətləndirilməsini həyata keçirmədən yaşadığı ev və torpaq sahələrinə həbsin qoyulması barədə təqdimat vermişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq o, Abşeron Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatının təmin olunmamasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələbinə görə qanunvericilik sözügedən icra sənədi üzrə tələbin adıçəkilən əmlaka yönəldilməsi ilə bağlı icra hərəkətlərinin aparılmasının icra məmurunun vəzifəsi olduğunu müəyyən etdiyindən bu hal təqdimatın digər hissəsinin təmin olunması zərurətini aradan qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50-ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı qismən təmin edilsin. Borclu mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4568 nömrəli bağ sahəsində yerləşən 0,1175 ha həyətyanı yaşayış məntəqələrinin torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar