Məhkəmə qərarları › İş №8(012)-372/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-372/2024

12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-372/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar ASC-nin (əvvəlki adı: "xxxx" İKB MMC-nin) nümayəndəsi X2 iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu əmlakının üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(007)-3181/2012 saylı, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, Borclu və X3 20 sentyabr 2010-cu il tarixli 4F EBRD 35(Z) saylı kredit müqaviləsi üzrə yaranmış 244,13 manat əsas borc, 159,2 manat faiz borcu, 01 oktyabr 2012-ci il tarixədək hesablanmış 100 manat dəbbə pulu və iddia qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, cəmi 513,33 manat pulun müştərək qaydada "xxxx" X1 (sonrakı adı: Tələbkar ASC-nin) xeyrinə tutulması, borcun tutulmasının 20 sentyabr 2010-cu il tarixli, 4F EBRD 35(Z) №-li ipoteka müqaviləsinə əsasən girov qoyulmuş 49 kisə LK markalı gips materialı, 250 ədəd lepka üçün qəlib, 70 kvadrat metr şüşə, 35 ədəd hazır lepka, 1 ədəd «JVC» markalı televizor, 1 ədəd «Super Max» markalı televizor, 1 ədəd taxt, 1 ədəd «Nord» markalı soyuducu, 1 ədəd stol və 4 ədəd stul, 1 ədəd «Euroline» markalı qaz sobası, 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd «Woolmark» markalı paltaryuyan maşın və 1 ədəd «Samsung» markalı DVD-nin hərrac yolu ilə satılmaqla ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan «Daewoo Espero minik» markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3181/2012 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Borclu 503,33 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" İKB MMC-nin (sonrakı adı: Tələbkar ASC-nin) hesabına ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu mülkiyyətində olan «Daewoo Espero minik» markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin (əvvəlki adı: "xxxx" İKB MMC-nin) nümayəndəsi X4 izahatında Abşeron Rayon Məhkəməsinin sözügedən qətnaməsinin 2012-ci ildə qəbul edildiyini, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə borclunun təxminən 503 manat məbləğində borcu olduğunu bildirdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimat vermiş icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «Daewoo Espero minik» markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə tələbkar təşkilatın nümayəndəsinin izahatını dinləyib təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(007)-3181/2012 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «Daewoo Espero minik» markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələbinə görə üzərinə həbs qoyulması əmlak üzrə digər icra hərəkətlərinin aparılmasını qanunvericilik icra məmurunun vəzifəsi kimi müəyyən etdiyindən, bu hal təqdimatın «Daewoo Espero minik» markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin duracağa yerləşdirilməsi hissəsinin təmin olunması zərurətini aradan qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50-ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı qismən təmin edilsin. Borclu məxsus «Daewoo Espero minik» markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar