Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-383/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2838/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada cəmi 5897.49 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT MMC-nin hesabına ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2838/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada cəmi 5897.49 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT MMC-nin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda, bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu ünvanına dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Ona görə də Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2838/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikasının hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İcra sənədi üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki halda təqdimat əsaslandırılmamış, iş materiallarına borclu şəxsin ölkədən kənara getməsini təsdiq edəcək heç bir mötəbər sübut əlavə olunmamış, subyektiv mülahizə əsasında şəxsin hüquqlarının məhdudlaşdırılması xahiş olunmuşdur. Belə ki, icra sənədinin icrası məqsədi ilə borclunun əmlakı barədə məlumatın müvafiq dövlət orqanlarına və banklara sorğu göndərməklə alınması, borclu barəsində axtarış qərarının verilməsi və qanunvericiliyin tələbinə əsasən digər məcburi icra tədbirləri həyata keçirilməmişdir. İcra məmuru tərəfindən təqdimata əlavə edilmiş sənədlər əsasında borclunun mülkiyyətində daşınar əmlak olduğu halda həmin əmlak üzərinə həbs qoyulmasına dair icra tədbiri görülməmiş və ya görüldüyü halda buna dair əsaslı sübut təqdimata əlavə olunmamış, birbaşa olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilmişdir. Buradan da görünür ki, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icrası ilə əlaqədar bütün lazımi icra tədbirlər tam olaraq görülməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan icra hərəkətləri görülmədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması və həmin məhdudlaşdırma daha ciddi icra hərəkəti hesab olunduğundan təqdimat təmin edilməməlidir. Sərbəst hərəkət etmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi ilə müəyyən edilmiş azadlıq hüququnun tərkib hissəsi olaraq vətəndaşların əsas hüquqlarına daxildir. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşın əsas konstitusion hüquqlarından olan sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin oluna bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Qanunun 84-1.2-ci maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-383/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-383/2022
03.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver