Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-400/2023 28.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru Vadim Əliyevin iştirakı ilə, Ərizəçi Borclu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar icra işi üzrə icraatın onun AR Ali Məhkəməsinin Plenumuna verdiyi ərizəyə baxılıb qurtarana qədər dayandırılması barədə şikayət ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Borclu oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar icra işi üzrə icraatın onun AR Ali Məhkəməsinin Plenumuna verdiyi ərizəyə baxılıb qurtarana qədər dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Borclu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair onunla aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin ləğv edilməsi və onun həmin mənzildən çıxarılaraq boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, müqavilə öhdəliyini vaxtında və lazımınca yerinə yetirmədiyinə görə ondan 2000 manat dəbbə pulunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3859/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilmiş, ondan dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pulun, cəmi 510 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilənin ləğv edilməsi və onun mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələblərinin təmin edilməsi, 21 fevral 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, onun mübahisəli mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4136/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə onun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - müqavilənin ləğv edilmiş və mənzildən çıxarılma tələblərinin təmin olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Çox qəribədir ki, bu iddia ilə əlaqədar bir neçə instansiya məhkəməsində məhkəmə baxışı olmuş, onun mənzildən çıxarılması qət edilsə də, onun bu mənzilin alınmasına, həmçinin mənzilin təmirinə çəkdiyi xərclə əlaqədar məsələyə toxunulmamışdır. Təbii ki, bu da onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. Ona görə də o, "xxxx" MMC-yə qarşı həmin alqı-satqı müqaviləsinə və mənzilin təmirinə görə ödənilmiş pulun alınması ilə əlaqədar məhkəməyə iddia ərizəsi vermək üçün mübahisə predmeti olan mənzilin real bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil ekspertə müraciət etmişdir. Həmin ekspert tərəfindən bu mənzilə baxış keçirilmiş və mənzilin real bazar dəyəri müəyyən edilmişdir. Eyni zamanda bildimək istəyir ki, həmin ekspert bu mənzilə baxan zaman mənzilin real bazar qiymətindən başqa faktiki ölçülərinin də müəyyən edilməsinin vacib olduğunu tövsiyyə etmişdir. Belə ki, ekspertin dediyinə görə MTK-ların bir çoxu vətəndaşa satdıqları mənzillərin müqavilədə göstərdikləri ölçülərini mənzillərin faktiki ölçülərindən artıq yazırlar. Təbii ki, bu da vətəndaşın aldanmasına və faktiki olaraq müqavilədə göstərilmiş ölçüdən az miqdarda sahəsi olan mənzil aldığı halda aldadılaraq ölçüsü artıq göstərilmiş mənzilə görə ödəniş edir. Ona görə də bu məsələyə də aydınlıq gətirmək üçün o bu sahə üzrə mütəxəssis olan başqa ekspertə müraciət etmişdir. Həmin ekspert tərəfindən mənzilə baxış keçirilmiş və müvafiq ölçmə işləri aparılmışdır. Bundan sonra ekspert tərəfindən xx.xx.2023-cü il tarixində mütəxəssis rəyi verilmiş və həmin mütəxəssis rəyinə görə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba magistralının qərbi, ev 2, mənzil 24 ün faktiki sahəsi 88,2 kv.metr müəyyən edilmişdir. Bu isə müqavilə ilə nəzərdə tutulmuş sahədən 18.4 kv.metr az sahə deməkdir. Həm müqavilə üzrə artıq hesablanmış 18.4 kv.metr sahəyə görə də onun tərəfindən 10120 manat məbləğində pul ödənilməli idi. Bu mütəxəssis rəyi ilə sübut olunur ki, "xxxx" MMC tərəfindən hələ 2019-cu ildə bu müqavilə bağlanan vaxt o, aldanılmış və ondan heç bir hüquqi əsas olmadan əlavə 10120 manat məbləğində pul tələb olunmuşdur. Təbii ki, işin bu halları əvvəl cavabdehə məlum olmadığı üçün heç bir məhkəmə prosesində bu məsələ qabardılmamış və məhkəmələr tətərəfındən də işin bu halları araşdırılmamışdır. Yeni tikilən mənzillərdə mənzilin faktiki sahəsi AR Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Kollegiyasının “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, 07 saylı qərarına əsasən hesablanır. Həmin qərarın 3-cü bəndinə görə mərtəbənin sahəsinə lift, kommunikasiya və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində ölçülməklə təyin edilir, binanın isidilmə sisteminə daxil olan sobanın və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın sahələrinə daxil edilmir, mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3, eyvanlar -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Bu qərardan açıq-aydın görsənir ki, Borclu qızma satılmış bu mənzil AR Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Kollegiyasının “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının” təsdiq edilməsi haqqında xx.xx.2012-ci il tarixli, 07 saylı qərarının tələblərinin pozulması ilə sahəsi artıq hesablanmış və əsassız olaraq 18.4 kv.metr mənzil sahəsinin pulu ondan tələb edilmişdir. İşin bu hallarından görsənir ki, "xxxx" MMC ona qarşı məhkəməyə iddia verdiyi vaxt cavabdehin cəmi 8213 manat məbləğində borcu olmuşdur. Bu isə həmin bu müqavilənin ləğvi və cavabdehin bu mənzildən çıxarılması üçün yetərli əsas deyildir. Belə ki, AR MM-nin 422-ci maddəsinə görə müqavilə tərəfi üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməməklə qarşı tərəfə ciddi ziyan vurduqda həmin müqavilənin ləğvi üçün hüquqi əsas yaranır. Həmçinin bildirmək istəyirk ki, mübahisə predmeti olan mənzilin onun tərəfindən təmir edilməsi nəticəsində bu mənzilin real bazar qiyməti artmış və hal-hazırki qiymətlərə görə 1 kv.mertə görə 1245 manat məbləğində müəyyən edilmişdir. Belə halda əksinə "xxxx" MMC ona həmin artıq hesablanmış 18.4 kv.metr sahəyə görə ümumilikdə 23000 manat məbləğində pul ödəməlidir. Onun isə hal-hazırki günə 18333 manat məbləğində borcu hesablanmışdır. Bu hal bir daha təsdiq edir ki, əksinə "xxxx" MMC-nin ona borcu vardır. Ona görə də hesab edir ki, yeni açılmış bu hal ilə əlaqədar məhkəmə qərarına yenidən baxılmalı və işin bütün halları yenidən araşdırılmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 432-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Ona görə də o, yeni açılmış hallar ilə əlaqədar bu iş üzrə qəbul edilmiş bütün məhkəmə aktlarının ləğv edilməsi barədə ərizə ilə AR Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Hesab edir ki, onun yeni müraciəti qanuni və əsaslı olduğu üçün AR Ali Məhkəməsinin Plenumu tərəfindən bu iş üzrə qəbul edilmiş bütün məhkəmə aktları ləğv ediləcəkdir. Təbii ki, belə bir vəziyyətdə hal-hazırda barəsində gedən icra işi üzrə icraata da xitam veriləcəkdir. O, bununla əlaqədar Maraqlı şəxs icra məmuru Vadim Əliyevə müraciət edərək onun yeni verdiyi ərizəyə baxılıb qurtarana qədər hal-hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etsə də, icra məmuru tərəfindən hərəkətsizlik edilmiş və icra işi üzrə icraat dayandırılmamışdır. Bununla da icra məmuru tərəfindən “İcra haqqında” AR Qanununun 17 və 18ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən o, şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs icra məmuru Vadim Əliyev məhkəmə iclasında izahatında bildirdi ki, sonuncu dəfə Borclu xəbərdarlıq göndərilmişdir. Əlavə kassasiya şikayəti verilən zaman icraatın dayandırılması nəzərdə tutulmamışdır. Odur ki, o, İcra haqqında qanunun 17 və 18-ci maddələrinə əsasən, hesab edir ki, şikayət ərizəsi əsassızdır. Məhkəmə iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu və tələbkar məhkəməyə gəlmədiklərinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə şikayətin məzmunundan və şikayətin xahiş olunan hissəsindən müəyyən edilir ki,şikayətçinin tələbi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar icra işi üzrə icraatın onun AR Ali Məhkəməsinin Plenumuna verdiyi ərizəyə baxılıb qurtarana qədər dayandırılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki,qanuni qüvvəsini almış məhkəmə aktları ilə bağlı verilmiş icra vərəqələri üzrə aparılan icra hərəkətlərinin dayandırılması “İcra haqqında” AR Qanununun 17 və 18-ci maddələri ilə tənzimlənir və şikayətdə göstərilən tələbdən də görmək olur ki,şikayət qanunun müvafiq maddələrinə uyğun olaraq verilməmişdir.Ona görə də məhkəmə icra məmurunu dinləyib, işin materisallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsinin hazırki halda təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Borclu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar icra işi üzrə icraatın onun AR Ali Məhkəməsinin Plenumuna verdiyi ərizəyə baxılıb qurtarana qədər dayandırılması barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-400/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-400/2023
28.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver