Məhkəmə qərarları › İş №8(012)-404/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-404/2024

10.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-404/2024 10.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa münasibətdə 200 manat olmaqla, ümumilikdə, 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması və alimentin tutulmasının dərhal icra edilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3915/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa münasibətdə 200 manat olmaqla, ümumilikdə, 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Göstərilən icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və icraata başlama haqqında qərar hər iki tərəfə göndərilmişdir. Belə ki, iş üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirləri görülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1985-ci il təvəllüdlü, Zəngilan rayonu, Akara DAY ünvanında anadan olmuş, Zəngilan rayonu, Həkəri DAY ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, H.Əliyev pr. 41 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3915/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1985-ci il təvəllüdlü, Zəngilan rayonu, Akara DAY ünvanında anadan olmuş, Zəngilan rayonu, Həkəri DAY ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, H.Əliyev pr. 41 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar