Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-416/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndələri-vəkilləri Vəkil1 və Vəkil2 iştirakı ilə, Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin icra məmurunun qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Borclu MMC-nin xx.xx.2019-cu il tarixli, 12T/HR saylı X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X2 Borclu MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə X2 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə icraya yönəldilmişdir. Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC şikayət ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən Abşeron rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı 12 iyul 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X2 işdən çıxarıldığı gündən hazırki günədək orta əmək haqqı məbləğində pul vəsaitini hesablamaqla müvafiq rəy verilməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında 22 aprel 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, icraat zamanı X3 ödəniləcək məbləği dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Bununla bağlı mütəxəssisin dəvət edilməsi zərurəti yaranmışdır. Qərarın surəti icra olunmaq üçün X1 və məlumat üçün tərəflərə göndərilmişdir. Aşağıda qeyd olunanlara görə borclu “Carlsberg Azerbaijan" MMC hesab edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin xx.xx.2022-ci il tarixli qərarı qanunsuzdur: 1) “İnzibati icraat haqqında” Qanunun 41.1-ci maddəsinə görə, “İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər.” Həmin Qanunun 41.6-1-ci maddəsinə görə, “Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.” Göründüyü kimi, qanunun tələbinə görə mütəxəssis məhz iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün cəlb edilə bilər və məlum olduğu kimi də icra sənədində qeyd olunan işə bərpa tarixi müəyyən edilmədiyinə görə (faktiki baş verməyən hal) də bu müddət icra məmuru, mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilə bilməz və elə buna görə də qərarda göstərilmiş müvafiq dövr üçün də hesablamanın icrası da mümkünsüzdür. Həmçinin, hazırki vəziyyətdə müvafiq müddət üçün orta əmək haqqı məbləğinin hesablanması da mümkün deyildir. Abşeron rayon İcra və Probasiya şöbəsinin mütəxəssisin dəvət edilməsi haqqında qərarında iş üzrə mütəxəssis qismində dəvət ediləcək olan şəxsin adı, soyadı, vəzifəsi qeyd edilməmişdir. Bu hal borclunun mütəxəssisə etiraz etmək hüququnu məhdudlaşdırır. Qanunun tələblərindən görünür ki, icra məmurunun mütəxəssis qismində dəvət etdiyi şəxs konkret fiziki şəxs olmalıdır. Onun zəruri biliklərə, bacarıqlara malik olması, işdə şəxsi marağının olmaması, etiraz üçün digər əsasların olmaması qabaqcadan yoxlanılmalıdır. İcra məmuru bunların heç birini etməmişdir. İcra məmurunun qərarında özəl ekspertiza müəssisəsi barədə təhrif olunmuş məlumat daxildir. X4 Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla özəl təşkilatdır. Bundan əvvəl də Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən mütəxəssisin dəvət edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə, eləcə də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət edilmişdir. Borclu tərəfindən hər iki qərardan şikayət verildiyindən mütəxəssisin cəlb edilməsi mümkün olmamışdır. Çünki Abşeron rayon İcra və Probasiya şöbəsinin mütəxəssisin dəvət edilməsi haqqında qərarlarında iş üzrə mütəxəssis qismində dəvət ediləcək olan şəxsin adı, soyadı, vəzifəsi qeyd edilməmişdir. Bu hal borclunun mütəxəssisə etiraz etmək hüququnu məhdudlaşdırmışdır. 2) X4 MMC özəl qurumdur, onun ekspert rəyi vermək səlahiyyəti yoxdur. Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun 11-ci maddəsinə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. İcra məmurunun dəvət etmək istədiyi ekspertin müvafiq şəhadətnaməsi olmalı, onun adı müvafiq icra hakimiyyəti orqanının apardığı reyestrə daxil edilməlidir. Qərarda ümumiyyətlə ekspertin adı qeyd olunmamış, onun səlahiyyəti yoxlanılmamışdır. 1) Abşeron rayon İcra və Probasiya şöbəsinin 22 aprel 2022-ci il tarixli qərarı X4 MMC tərəfindən icra edilmiş və 19 may 2022-ci il tarixli, 51 nömrəli mütəxəssis rəyi verilmişdir. Qeyd edilən mütəxəssis rəyi verilməzdən əvvəl mütəxəssis tədqiqat üçün lazım olan sənədləri borcludan tələb etməmişdir. Tələbkarın təqdim etdiyi sənədlər əsasında rəyin verilməsi qanunsuzdur. Ona görə də göstərilənlərə əsasən şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndə-vəkili Vəkil1 şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, şikayətdə qeyd etdiyi kimi, sözügedən qərarın qanunsuzluğu ilə bağlı əsas arqument ondan ibarətdir ki, özəl müəssisədən dəvət olunan özəl ekspertin ekspert kimi fəaliyyət göstərmək səlahiyyəti yoxdur. Belə ki, X4 MMC-nin özü və ekspertləri Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş və şəhadətnamə almamışdır. Bu hallar icra məmuru tərəfindən araşdırılmamışdır. Həmçinin, özəl təşkilata bu iş həvalə edilən zaman müqavilə bağlanmalı, ödənişin edilməsi və hansı sənədlərin təqdim olunması qeyd olunmalı, nəyə əsasən rəy verilməsi müəyyən edilməli idi. Görünür ki, həmin sübutları icra məmuru ona verməlidir ki, ekspert də rəy vermiş olsun. Mütəxəssis rəyi verilmiş, maraqlı olan məqam isə icra məmuru ekspert rəyi istədiyi halda, mütəxəssis rəyi verilmişdir ki, buradan da ziddiyyətin olduğu açıq-aşkar görünür. Həmçinin, borclunun nümayəndəsinin iştirakı təmin olunmamış, bu barədə məktub ünvanlanmamışdır. Məhkəmə iclasında ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin nümayəndə-vəkili Vəkil2 digər nümayəndə-Vəkil1 izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, hazırki işlə bağlı icra məmuru tərəfindən 3 qərar qəbul olunmuşdur. Həmin qərarlardan biri məhkəmə qərarı ilə ləğv olunmuşdur. Lakin buna baxmayaraq, icra məmuru tərəfindən sözügedən qüsurlar aradan qaldırılmayaraq, qərarlarda şablon şəkildə sadəcə olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin adı silinmişdir. İcra məmuru qanunvericiliyin tələblərinə zidd qərar qəbul etdiyindən şikayətin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar və Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, şikayətə tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndə və vəkillərinin izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli ekspertin dəvət edilməsi barədə qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən Borclu MMC-nin xx.xx.2019-cu il tarixli, 12T/HR saylı X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilməli, X5 Borclu MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməli, Borclu MMC-dən məcburi işburaxmaya görə X2 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pul alınaraq, iddiaçı X3 verilməlidir. İcra icraatı zamanı X3 ödəniləcək məbləği dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Bununla bağlı ekspertin dəvət edilməsi zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə X2 işdən çıxarıldığı gündən hazırkı günədək (yəni ekspertin dəvət edilməsi barədə qərarın tarixi xx.xx.2022-ci ilədək) orta əmək haqqı məbləğində pul vəsaitini hesablamaqla müvafiq rəyin verilməsi qərara alınmış və qərarın surəti icra olunmaq üçün X1, məlumat üçün tərəflərə və məhkəməyə göndərilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən, Borclu MMC-nin xx.xx.2019-cu il tarixli, 12T/HR saylı X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X2 Borclu MMCdə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Borclu MMC-dən məcburi işburaxmaya görə X2 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. Sözügedən məhkəmə aktı əsasında tələbkara ödənilməli olan pul vəsaitinin məbləğinin dəqiq şəkildə müəyyən edilməsi mümkün olmadığından icra sənədi üzrə icra məmuru tərəfindən ekspertin dəvət edilməsi barədə qərar qəbul edilmişdir. İcra sənədi üzrə ərizəçi-borclu hazırda həmin qərarın ləğv edilməsinə dair şikayət ilə məhkəməyə müraciət etmişdir. İcra haqqında Qanunun 70.1. maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 41.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.2.-ci maddəsinə əsasən, inzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. 41.3.-cü maddəsinə əsasən, maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur. 41.4.-cü maddəsinə əsasən, ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. 41.6-1.-ci maddəsinə əsasən, mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. 41.7.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, ekspertizanın keçirilməsi, ekspertin və ya mütəxəssisin haqqının ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, şikayətə əlavə olunmuş Abşeron rayon İcra şöbəsinin icra məmuru N.O.Ramazani tərəfindən qəbul olunmuş qərardan göründüyü kimi, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)- 2985/2019 saylı icra sənədinə əsasən tələbkara ödənilməli olan pul vəsaitinin məbləğində qeyri-müəyyənliyin yaranması həmin proses üzrə ekspert tərəfindən rəyin verilməsini zəruri etmişdir. Qanunun tələblərindən göründüyü kimi, icra icraatı zamanı ekspertin dəvət edilməsi barədə icra məmuru tərəfindən qərar qəbul edilən zaman həmin qərarda ekspert qarşısına qoyulan suallar dairəsi müəyyən edilməli olduğu halda, icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarda həmin suallar dairəsi qoyulmadığından bu halda da, qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə qərar qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun: 43.1. maddəsinə əsasən, bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir. 43.2. maddəsinə əsasən, ekspert və ya mütəxəssis habelə aşağıdakı hallarda inzibati icraatda iştirak edə bilməz: 43.2.1. işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya sair cəhətdən asılı olduqda; 43.2.2. inzibati icraatın başlanılması üçün əsas olmuş materiallar üzrə təftiş apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, icra icraatı zamanı icra məmuru tərəfindən qəbul olunmuş qərarın icrası tərəflərə göndərilməklə, tərəflər həmin icra sənədi üzrə aparılacaq icra hərəkətlərindən məlumatlandırılmış olurlar. Lakin hazırki iş üzrə icra məmuru tərəfindən ekspertin dəvət edilməsi barədə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarında ekspertizanın həyata keçirilməsi özəl müəssisə olan X4 MMC-yə tapşırılması qərara alınsa da, həmin qurumun Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi və ya özəl ekspertin səlahiyyətini təsdiq edən sənəd, o cümlədən, özəl ekspertin adı, soyadı və ata adı ilə bağlı məlumat qeyd olunmamışdır ki, bununla da icra sənədi üzrə borclunun etiraz vermək, özəl ekspertə zəruri sənədlər vermək hüququ məhdudlaşdırılmışdır. Belə ki, şikayətə əlavə olunmuş icra məmuru X6 tərəfindən qəbul edilmiş Qərarla bağlı məhkəmə qeyd edir ki, sözügedən qərar mahiyyət etibarı ilə, ekspertin dəvət edilməsi məqsədi daşımış olsa da, qərarın əsaslandırıcı hissəsində ekspertin dəvət edilməsinin hansı zərurətdən irəli gəldiyi tam əsaslandırılmamış, nəticə hissəsində ekspertin rəy verməsi üçün iştirakının təmin edilməsi əvəzinə ekspert rəyinin verilməsi müvafiq qurumun üzərinə öhdəlik kimi qoyulmuşdur. Qanunvericilik isə ekspertin icra qurumu tərəfindən dəvət edilməsini, rəy verilərkən icra tərəflərinin iştirakının təmin edilməsi, o cümlədən ekspertə tərəflərin etiraz edilib-edilməməsinin aydınlaşdırılmasını müəyyən etmişdir. Göründüyü kimi, icra məmurunun qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə cavab vermədiyindən ləğv ediməlidir. Məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsi və vəkilinin izahatından və mülki iş materiallarından göründüyü kimi, icra sənədi üzrə orta əmək haqqının hesablanmasına dair ekspertin, eyni zamanda icra sənədi üzrə tərəflərin iştirakı icra məmuru tərəfindən təmin edilməli olduğu halda, bu barədə zəruri sübutlar təmin edilməmişdir. Məhkəmə ərizəçi-borclunun təqdim etdiyi şikayət ərizəsində göstərilmiş dəlillər ilə icra sənədində irəli sürülmüş tələbləri uyğunlaşdıraraq qeyd edir ki, icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi prosesi zamanı ekspertin rəyinin verilməsindən öncə, ilkin olaraq, ekspertə etirazın olub-olmamasına dair tələbə riayət edilməli, iş üzrə obyektiv rəy verməyə mane olan halların olub-olmaması araşdırılmalıdır. Bu səbəbdən də, məhkəmə icra məmuru tərəfindən qəbul edilmiş ekspertin dəvət edilməsi barədə qərarın qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən ləğv edilməsi qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi-borclu Carlsberg Azerbaijan MMC-nin şikayəti təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin “ekspertin dəvət edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-416/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-416/2022
17.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver