Məhkəmə qərarları › İş №8(012)-417/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-417/2024

03.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-417/2024 03.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun, Borclu vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Maraqlı şəxs “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-472/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar 05 may 2020-ci ildə doğulmuş övladı X2 ilə hər həftənin şənbə günləri saat 14:00-dan saat 18:00-dək görüş tanınması qət edilmişdir. Maraqlı şəxs “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə bu günədək icra sənədi üzrə tələbi təmin etmədiyindən, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırdığından Borclu məcburi qaydada Maraqlı şəxsnə gətirilməsi qərara alınmışdır. Borclu həmin qərardan şikayət verərək, Maraqlı şəxs tərəfindən qəbul edilmiş 17 iyul 2024cü il tarixli, 2(040)-472/2023 (224923/2023-30) nömrəli məcburi gətirilmə qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, qərarın qanunsuzluğunun təsdiq edilməsi və icra məmuru Orxan Məmmədovun hərəkətlərinə hüquqi qiymət verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru Orxan Məmmədov izahatında bildirdi ki, Tələbkar 05 may 2020-ci ildə doğulmuş övladı - X2 ilə görüşü hər həftə aparılır, lakin Borclu qərəzli şəkildə görüşdən imtina edir. Hətta görüşlərin birində borclunun nümayəndəsi - atası olan Rasim adlı şəxs gəlmiş və mübahisə yaratmışdır. Qeyd edir ki, Borclu tələbin könüllü icrası ilə bağlı SMS bildiriş göndərilmiş, tələb könüllü icra edilmədiyi təqdirdə borclu barəsində bir sıra icra tədbirləri görüləcəyi barədə məlumat verilmişdir. Odur ki, göstərilənlər əsasında o, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə Tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayəti onunla əsaslandırdı ki, Maraqlı şəxs icra məmuru Orxan Məmmədov tərəfindən 17 iyul 2024-cü il tarixli, 2(040)-472/2023 (224923/2023-30) nömrəli məcburi gətirilmə barədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Qeyd edir ki, həmin qərar qanunvericiliyin tələblərinə uyğun deyildir, qanunsuz və əsassız qəbul edildiyindən Borclu hüquqlarını pozur. Bildirir ki, Kəlbəcər Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı Tələbkar 05 may 2020-ci ildə doğulmuş övladı - X2 ilə hər həftənin şənbə günləri saat 14:00-dan saat 18:00-dək görüş tanınmışdır. Lakin sözügedən qərarın qəbul olunmasına baxmayaraq iddiaçı övladı ilə bu müddət ərzində cəmi 3-4 dəfə maraqlanmışdır, yəni uşaqla görüşə gəlməmişdir. Uşağın atası 4-5 aydan bir müraciət etmiş və cəmi 3-4 dəfə görüşmüşdür. Bütün müraciətlərdə də Borclu uşağın atası ilə görüşünü təmin etmişdir, yəni icra məmuru nə vaxt borcluya müraciət etmişdirsə, həmin vaxt uşağın görüşünü borclu təmin etmişdir. Hazırda isə icra məmurunun belə bir qərar qəbul etməsinin səbəbi borcluya həm məlumdur, həm də borcluda ikrah hissi doğurur. Qeyd edir ki, icra məmurunun belə bir qərar qəbul etməsi qərəzlidir. Belə ki, icra məmuru Orxan Məmmədov telefon vasitəsilə borclunun atası ilə danışarkən kobud ifadələr işlətmiş və aralarında mübahisə yaranan zaman təhqiramiz sözlər söyləmiş, həmçinin onları təhdid etmişdir. Bu danışıqdan sonra icra məmurunun qərəzli olaraq belə bir qərar qəbul etməsinin səbəbi onlara aydın olmuşdur. Bir daha qeyd edir ki, borclunun övladı ilə atasının sonuncu görüş günündən hazırki qərarın qəbul olunduğu tarixə qədər (ən azı son altı ay ərzində) qarşı tərəf – uşağın atası Tələbkar uşaqla ünsiyyət qurmaq üçün nə şifahi, nə də yazılı şəkildə hər hansı müraciət etməmişdir. Burada yeganə məqsəd münasibəti korlamaq, prinsip aparmaq və digər xoşagəlməz hallar yaratmaqdan ibarətdir. Belə olan halda icra məmuru tərəfindən xəbərdarlıq edilmədən məcburi gətirilmə qərarının qəbul edilməsi ciddi qanun pozuntusudur. Onlara nə telefon vasitəsilə şifahi, nə SMS vasitəsilə, nə də rəsmi ünvanlarına Maraqlı şəxsnə getmələri barədə bildiriş daxil olmamışdır. Qərarda qeyd edilir: “Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır”. Orxan Məmmədov icraat materiallarının xx.xx.2023-cü il tarixdə onun icraatına daxil olmasını bildirərək, həmin müddətdən sonra tələbin təmin edilmədiyini vurğulamağa çalışmışdır. Lakin ötən müddət ərzində tələblər Maraqlı şəxs görüş otağında dəfələrlə təmin edilmişdir. Əlavə olaraq bildirir ki, bu, borcluya qarşı icra məmuru tərəfindən edilmiş ikinci qanun pozuntusudur. Hesab edir ki, icra məmuru Orxan Məmmədov artıq onlarla qərəzli düşmənçilik aparmaqdadır. Münasibətləri əsassız yerə gərginləşdirir və tərəflər arasında nifaq salmaqla məşğuldur. Hesab edir ki, belə hərəkətlər yolverilməzdir və heç bir dövlət məmurunun etik davranış qaydalarına uyğun gəlmir. Bu səbəblə də hesab edir ki, icra məmuru dəyişdirilməli və icra işi digər icra məmuruna həvalə edilməlidir. Bu barədə ayrıca olaraq icra qurumunun rəhbərinə müraciət ediləcəkdir. Hesab edir ki, belə təqdimat və qərarlar icra məmurunun səlahiyyətlərindən sui-istifadə etməsinin göstəricisidir və bu hərəkətlər Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hüquq və ədalət prinsiplərinə ziddir. Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardan çıxarışda aşağıdakılar qeyd edilmişdir: “Borclu xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsndə olub və iş üzrə müvafiq sənədləri imzalayıb. xx.xx.2023-cü il tarixdə isə icra məmuru, tələbkar və atasının iştirakı ilə akt tərtib edilmişdir. İş materialından görünür ki, “borclunun məcburi gətirilməsi barədə” qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, lakin həmin qərarın borcluya göndərilib-göndərilməsi və borclunun qərarı nə vaxt alması barədə məlumat iş materiallarına əlavə edilməmişdir. Həmçinin icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş də iş materiallarına əlavə edilmədiyindən, borclunun icra işindən nə vaxt xəbərdar edilməsi aydın olmur. Həmçinin borclu özü məhkəmə iclasına gəldiyindən və icra məmurunun çağırışı ilə gəlməkdən yayınmadığını, icra məmurunun hər bir çağırışına gələcəyini bildiriyindən, onun barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq edilməsinə də zərurət yoxdur. Göründüyü kimi, borclu barəsində məcburi gətirilmə tədbiri borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayındıqda tətbiq olunur. Ancaq təqdimata əlavə edilmiş sənədlərin surətlərindən borclunun icra məmurunun çağırışına üzrsüz səbəbdən gəlməməsi müəyyən olunmur. Buna görə də təqdimat təmin edilməməlidir”. Yuxarıda qərar bir daha onu göstərir ki, Maraqlı şəxs icra məmuru Orxan Məmmədov onlarla prinsip aparır. İcra məmurunun belə qərəzli mövqeyinin araşdırılması, qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi gətirilmə barədə qərarın ləğv edilməsi və borclunun hüquqlarının qorunması təmin edilməlidir. Qeyd edir ki, qərar 17 iyul 2024-cü il tarixdə qəbul edilsə də onlara 25 avqust 2024-cü il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun və borclunun vəkili-nümayəndəsinin izahatını dinləyib şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Maraqlı şəxs “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-472/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar 05 may 2020-ci ildə doğulmuş övladı - X2 ilə hər həftənin şənbə günləri saat 14:00-dan saat 18:00-dək görüş tanınması qət edilmişdir. Sözügedən qətnamə əsasında verilmiş icra sənədi xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədi üzrə tələbin təmin edilməsi barədə Borclu müraciət edildiyi zaman Borclu 05 may 2020ci ildə doğulmuş övladı X1 atası, yəni Tələbkar ilə görüşünü təmin etmiş, icra məmurunun çağırışı ilə gəlməkdən və icra sənədinin icra edilməsindən boyun qaçırmamışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar ilə bu günədək icra sənədi üzrə tələbi təmin etmədiyi və çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırdığı əsas gətirilərək, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci, 84.3-cü maddələri rəhbər tutularaq Borclu məcburi qaydada Maraqlı şəxsnə gətirilməsi qərara alınmışdır. Bundan əlavə məhkəmə iclasında Maraqlı şəxs icra məmuru Orxan Məmmədov icra sənədi üzrə tələbin könüllü icrası ilə bağlı Borclu lazımi qaydada xəbərdar edildiyini bildirsə də bu faktı əsaslandıra bilməmiş və məhkəməyə həmin faktı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa Maraqlı şəxs icra məmuru Orxan Məmmədovun hərəkətlərinə hüquqi qiymət verilməsi barədə müvafiq tədbirlər görülməsi ilə bağlı məhkəmə qeyd edir ki, şikayət ərizəsinin tələb hissəsində icra məmurunun barəsində hansı tədbirlərin görülməsi konkret olaraq qeyd edilmədiyindən həmin hissəyə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Beləliklə, icra məmuru qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini nəzərə almadan qərar qəbul etdiyi üçün məhkəmə hesab edir ki, Maraqlı şəxs “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar