Məhkəmə qərarları › İş №8(012)-44/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-44/2023

03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-44/2023 03.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar nümayəndəsi Nümayəndə, Borclu iştirakları ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-232/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu cəmi 2311.4 manat pul tutularaq Tələbkar ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatı Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-232/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu cəmi 2311.4 manat pul tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar iş üzrə Borclu dəfələrlə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. Odur ki, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədəmüvafiqdir. Ona görə də ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu barəsində onun Abşeron rayon İcra və Probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında yəni, saat 09:00dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra şöbəsindən ona heç bir məlumat verilməmiş, eyni zamanda, bu işlə bağlı o, 11 ay 11 gün müddətində həbsdə olmuşdur. İcra sənədində qeyd olunmuş pul vəsaitini ödəməyə maddi imkanı yoxdur. Sürücülük vəsiqəsinin vaxtı bitmiş, həmin sənədi alıb çətinliklə də olsa pulu ödəməlidir. Məhkəmə iclasında iştirak etmiş Tələbkar nümayəndəsi Nümayəndə təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, qardaşı əməliyyat olunmuş, atası isə Tərtər rayonunda birinci qrup əlil olmaqla yataq xəstəsidir. Atasının işlərini həll edib şəhərə qayıdanadək 10-15 gün müddət üçün o, borcluya dəfələrlə güzəşt etmiş, qardaşı xəstəxanada olan müddətdə qardaşına kömək etməsini xahiş etmişdir. Əks halda, o, borcludan borc pulu belə istəməmişdir. Lakin borclu onun telefon zənglərinə də cavab verməmişdir. Atası yataq xəstəsi olduğundan iki qardaş atasının qulluğunda dayanmış, hazırda da, qardaşı işləmədiyindən qardaşının ailəsinə də o, baxır. Təqdimatı vermiş icra məmuru məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, Borclu heç bir məcburiyyət tədbiri tətbiq olunmadan tam könüllü şəkildə məhkəmə iclasına gələrək izahat verməsi onun eyni zamanda, icra sənədinin icrasından yayınmasını istisna etdiyindən təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar