Məhkəmə qərarları › İş №8(012)-456/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-456/2024

24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-456/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu nümayəndəsi X1 iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu əmlakının üzərinə həbs qoyularaq tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin 1(037)-55/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, zərərçəkmiş şəxs Tələbkar mülki iddia tələbi təmin edilmiş, 11900 manat və ödənilmiş 126 manat dövlət rüsumu, cəmi 12026 manat məbləğin mülki cavabdeh Borclu tutularaq mülki iddiaçı Tələbkar ödənilməsi hökm edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-55/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,12 ha yaşayış məntəqələri olan torpaq sahəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-55/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 12026 manat məbləğində borc pulun tutulub Tələbkar xeyrinə ödənilməsi hökm edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu mülkiyyətində İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,12 ha yaşayış məntəqələri olan torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi X3 izahatında bildirdi ki, onun atası - Borclu İsmayıllı Rayon Məhkəməsinin 1(037)-55/2023 saylı, 30 noyabr 2023-cü il tarixli hökmünə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilmişdir və sözügedən hökm əsasında çıxarılmış icra sənədi üzrə yaranmış 12026 manat məbləğində borca görə borclunun pensiyasından hər ay 150 manat məbləğində pul çıxılır. Qeyd edir ki, onun atası Borclu ilə anası X2 arasında bağlanmış nikah 2015-ci ildə pozulmuşdur və icra məmurunun məhkəmədən üzərinə həbs qoyulmasını xahiş etdiyi İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,12 ha yaşayış məntəqələri olan torpaq sahəsi 2015-ci ildə alınmışdır. Atasının sözügedən torpaq sahəsi üzərində tikilmiş evdən başqa yaşayış yeri yoxdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq o, Abşeron Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatının təmin olunmamasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,12 ha həyətyanı yaşayış məntəqələri olan torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə borclunun nümayəndəsinin izahatını dinləyib təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-55/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,12 ha yaşayış məntəqələri olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələbinə görə qanunvericilik sözügedən icra sənədi üzrə tələbin adıçəkilən əmlaka yönəldilməsi ilə bağlı icra hərəkətlərinin aparılmasının icra məmurunun vəzifəsi olduğunu müəyyən etdiyindən bu hal təqdimatın digər hissəsinin təmin olunması zərurətini aradan qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50-ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı qismən təmin edilsin. Borclu mülkiyyətində olan İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,12 ha yaşayış məntəqələri olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar