Məhkəmə qərarları › İş №8(012)-466/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-466/2022

20.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-466/2022 20.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında 2019-cu il tarixli qərarından tələbkar Kapitalbank ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-1951/2017 saylı məhkəmə əmrinə əsasən, X1 309.87 manat əsas, 130.31 manat faiz borcu olmaqla cəmi 440.18 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Kapitalbank ASC Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında 2019-cu il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1951/2017 saylı məhkəmə əmrinə əsasən cavabdeh X1 iddiaçı "xxxx" ASCnin xeyrinə 440.18 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Göstərilən icra sənədi icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə verilmiş, icra sənədi üzrə icraata başlanılmışdır. Qeyd edilən icra sənədi üzrə icra şöbəsi tərəfindən 2019-cu il tarixdə icraata xitam verilməsi qərara alınmış və şöbə rəisi tərəfindən təsdiq olunmuş, tərəflərə təqdim olunmaq üçün məktub tərtib edilmiş, lakin qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim olunmamışdır. Qeyd edilən qərarın qəbul olunması əsası kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli, 551 nömrəli Fərmanından irəli gələn tələblər qeyd olunmuşdur. Lakin göstərilən Fərmanın və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələbləri nəzərə alınmamışdır. Belə ki, həmin Fərmanın 6.2-ci bəndinə əsasən, Fərmanın qəbul olunduğu tarixdən bir ay müddətində fiziki şəxslərin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərinin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasının təmin etməsi banklara həvalə olunmuşdur. Həmçinin, qeyd edilən Qaydanın 6.3-cü bəndi üzrə kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanılmamışdır. Qeyd olunan xüsusatlarla yanaşı, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 1951/2017 saylı məhkəmə əmri üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunarkən icra qurumu tərəfindən "xxxx" ASC-nin rəyi alınmamış, borclu ilə bank arasında restrukturizasiya müqaviləsinin bağlanılıb-bağlanılmadığı dəqiqləşdirilməmiş, qeyd olunan qərar banka təqdim olunmamışdır. Qeyd olunan qərar yalnız xx.xx.2022-ci il tarixdə tələbkara təqdim olunmuşdur. Hazırda, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1951/2017 saylı məhkəmə əmri üzrə cavabdeh X2 banka borcu 329.87 manat təşkil edir. Ona görə də Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1951/2017 saylı məhkəmə əmri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinin 2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul olunması məhkəmədən xahiş olunmuşdur. İcra sənədi üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətə əlavə olunmuş sənədləri tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon İcra və Probasiya Şöbəsinin 2019-cu il tarixli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1951/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının təsiri altına düşdüyündən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq Abşeron rayon Məhkəməsinin 2(012)-1951/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-1951/2017 saylı məhkəmə əmrinə əsasən, X1 cəmi 440.18 manat borc və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Həmin icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək ünvan üzrə tərəflərə göndərilmişdir. Sözügedən icra sənədi üzrə borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyündən icra sənədi üzrə icraata xitam verilmişdir Lakin tələbkar tərəfindən borclunun kredit müqaviləsi üzrə banka olan borc məbləği tam ödənilmədiyindən və icraata xitam verilməsinə əsaslar olmadığından icra sənədi üzrə icra şöbəsinin qərarının ləğv edilərək icra qeydinin icra olunması üçün yenidən icra şöbəsinə qaytarılması məhkəmədən xahiş olunmuşdur. İcra haqqında Qanununun 20-ci maddəsinin tələblərinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icraata xitam verilməsi əsası kimi borclunun kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsi olmuşdur. Beləliklə də, göstərilənlər əsas qanunvericiliyin tələblərinə uyğun deyildir ki, bununla da, tələbkarın həmin qərardan şikayət vermək hüququ yaranmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmandan görünür ki, Fərmanın 6-cı bəndində nəzərdə tutulmuş göstərişlər imperativ xarakterli olmadan tövsiyyə xarakteri daşıyır. Göründüyü kimi, tələbkar tərəfindən kredit müqaviləsi üzrə faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılmasına dair tədbirlər görülməmiş və yaxud borclu ilə güzəştli kredit müqaviləsinin bağlanması təklifi ilə çıxış edilmədiyi halda, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir ki, bu da tələbkarın maddi mənafeyi ilə ziddiyyət təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Beləliklə də, məhkəmə aktlarının icra edilməsi icra məmurunun vəzifəsi olduğundan, icra sənədi üzrə tələbkarın mənafeyi nəzərə alınmaqla, qeyd olunan icra sənədi ilə bağlı icra məmuru tərəfindən icra hərəkətləri tam şəkildə həyata keçirilmədiyindən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 2019-cu il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-1951/2017 saylı icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 2019-cu il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-1951/2017 saylı icra vərəqəsi üzrə icraat təzələnsin və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar