Məhkəmə qərarları › İş №8(012)-482/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-482/2022

13.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-482/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-tələbkar X2, Borclu iştirakları ilə, Ərizəçi-tələbkar X2 Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-2704/2017 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən X2, X9, X6, X7, X8, X4 və X1 adlarına qeydiyyata alınmış evə bitişik cavabdeh Borclu tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-3540/2017 saylı qətnaməsindən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)- 2704/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-2704/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Ərizəçi-tələbkar X5 şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012)-2704/2017 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən ona və ailə üzvlərinin adına qeydə alınmış evə bitişik cavabdeh Borclu tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar əsasında xitam verilmişdir. Lakin borclu tərəfindən qətnamə tam icra edilməmiş, qanunsuz tikilmiş tikililər sökülməmiş və sökülmüş hissələr isə təkrarən bərpa edilmişdir. Odur ki, Abşeron rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012)-2704/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən qəbul edilmiş 12 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsi, müvafiq icra sənədinin təkrarən icraya yönəldilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçi-tələbkar X5 şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(012)-2704/2017 saylı qətnaməsinə əsasən, cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi qət edilmiş olsa da, həmin tikililərin bir qismi sökülmüşdür. Borclu 2016-cı ildə onun evinin divarının, pəncərəsinin qabağını tutmaq şərtilə tikili inşa etmişdir. Qətnamə əsasında verilmiş icra sənədi 2018-ci ildə icra edilərək onun pəncərəsinin qabaq hissəsində tikili sökülsə də, evinin divarı sökülmüş vəziyyətə gətirilmişdir. Belə ki, evindən 2 metr irəlidə inşa edilmiş tikililər, həmçinin, qapı da daxil olmaqla sökülməli olduğu halda sökülməsi təmin edilməmiş, sökülmüş hissələr isə bərpa edilmişdir. Nəticədə, o, evinin kənar hissəsini görə bilmir, öz mənzilindən istifadə edə, həmçinin, evinə nəzarət edə bilmir. Borclu tərəfindən taxtadan darvaza qoyulmuş, kənar hissədən rezin boru buraxılmış, həmin borudan axan su isə onun evini yararsız vəziyyətə qoymuşdur. Beləliklə də, evə bitişik 2.5 sm ölçüdə tikili sökülməli idi, lakin o, insanlıq göstərərək borclunun dəmir darvazasına toxunmamış, onu sökdürməmişdir. İcra məmuru onun gözü önündə tikilini sökmüş və o, bununla razılaşmışdır. Lakin buna baxmayaraq, icra sənədinin tam şəkildə icra edilmədiyi qənaətindədir. Məhkəmə iclasında iştirak etmiş Borclu şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, tələbkarın dediklərində həqiqət vardır. Belə ki, onun fərdi yaşayış evinin önündə hovuzu olmuş və tələbkarın evinə su axmasın deyə, rezin boru da daxil olmaqla söküntü işlərini aparmışdır. Həmin yerdə hazırda, onun tərəfindən inşa edilmiş heç bir tikili yoxdur və bu barədə fotoşəkilləri mövcuddur. Üst-üstə yığılmış mişar daşları və taxta olsa da, icra məmuru tərəfindən söküntü işləri aparılandan sonra heç bir tikili inşa etməmişdir. Taxtanı qoyması səbəbi isə toyuq-cücələrinin həyətdən qaçıb çıxmamasını təmin etməkdir. İcra məmuru tərəfindən yenidən onun evinə gəlib baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Həmin mişar daşlarının da onun tərəfindən götürülməsi mütləq şəkildə təmin ediləcəkdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov şikayəti qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2704/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən tələbkar və onun ailə üzvlərinin adına qeydə alınmış, bitişik şəkildə borclu tərəfindən inşa edilmiş özbaşına tikililərin borclunun öz vəsaiti hesabına sökülməsi qərara alınmışdır. Tələbkar izahatında ekspert rəyinə istinad etmiş olsa da, icra sənədində tələbkara məxsus evə bitişik tikililərin sökülməsi qeyd olunmuşdur. Sözügedən icra sənədi müxtəlif icra məmurlarının icraatında olmuş, icra sənədinin icrası mərhələsində hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilmiş və tərəflərin razılığı ilə binaya bitişik olan tikililər hamısı sökülmüş, hətta tərəfin istəyi ilə sökülməsi nəzərdə tutulan tikilinin sökülməməsi ilə bağlı güzəştə gedilmişdir. Tələbkarın sökülməsini tələb etdiyi yer isə sadəcə taxta darvazadır. İcra sənədi üzrə tərəflərə məxsus fərdi yaşayış evlərinin arasında hasarın olması mümkün deyildir, əks təqdirdə, çox az bir məsafə qalmış olacaqdır. İcra sənədi icra edilərkən tərəflərin iştirakı təmin edilmiş və bu barədə akt tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(012)-500/2021 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2704/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-2704/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları X3, X16, Abşeron RPİnin polis kapitanı X13, icra sənədi üzrə tələbkar X5, Borclu, hal şahidləri X17, X14 tərəfindən iştirak edilməklə imzaları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-2704/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 3 ünvanında olunmuş və borclu tərəfindən inşa edilmiş evə bitişik özbaşına inşa edilmiş tikililər sökülmüş, tələb tam şəkildə icra olunmuşdur. -X5 tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)- 2704/2017 saylı icra sənədi üzrə tələb təmin olunduğundan icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. -Abşeron rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi barədə qərarından görünür ki, icra sənədi üzrə borclu ünvan 1 ünvanında yerləşən X2 və digərlərinin adına qeydiyyata alınmış evə bitişik cavabdeh Borclu tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi qərara alınmış, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2704/2017 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-2704/2017 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən X2 və digərlərinin adlarına qeydiyyata alınmış evə bitişik cavabdeh Borclu tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi qərara alınmış, sözügedən məhkəmə aktı qanuni qüvvəsini almış və icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən icra sənədi icraata qəbul edilərək bu barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı qəbul edilmiş və həmin qərara əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-2704/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədi üzrə icra tədbirləri həyata keçirilmiş və tərəflərin iştirakı ilə akt tərtib olunaraq, icra sənədində qeyd olunmuş, tələbkarın evinə bitişik borclu tərəfindən özbaşına inşa edilmiş tikililərin sökülməsi təmin edilərək icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda, icra sənədi üzrə tələbkar borclu tərəfindən onun evinə bitişik taxta darvaza, mişar daşları yerləşdirildiyini qeyd edərək icra məmuru tərəfindən qəbul olunmuş xitam qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. “İcra haqqında Qanun”un 20.1.5. maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Şikayət və şikayətə əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflərin iştirakı ilə icra məmuru tərəfindən ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikililərin borclu tərəfindən sökülməsi təmin edilmiş və bu barədə akt tərtib olunaraq tərəflərin imzaları ilə təsdiq edilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən “İcra haqqında Qanun”un 20.1.5. maddəsinə əsasən, icra sənədi tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında Qanun”un: 20.3. maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki qanunvericilik icra sənədi üzrə icraata xitam verildikdən sonra icra hərəkətlərinin aparılmasının qadağan edilməsini istisna etsə də, icraata xitam verilməsi barədə qərar ləğv edildikdən sonra həmin hərəkətlərin davam etdirilməsini də qadağan etməmişdir. Lakin hazırki iş materiallarından göründüyü kimi, borclu tərəfindən sökülməsi tələb olunan əmlaklar məhz özbaşına tikililər olmuş və həmin tikililərin sökülməsi borclu tərəfindən təmin edilmişdir. Tələbkar öz növbəsində, onun da iştirakı ilə tikililərin sökülməsində iştirak etmiş və bu barədə ərizə təqdim edərək icraata xitam verilməsini xahiş etmişdir. Hazırda, tələbkarın sökülməsini tələb etdiyi taxta darvaza və mişar daşları ilə icra sənədinin predmeti arasında tamamilə əlaqə yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Hazırki işin hallarından isə göründüyü kimi, borclu tərəfindən icra sənədi tam şəkildə icra edilərək təmin edilmiş və bu barədə icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə qərar qəbul olunaraq icraata xitam verilmişdir. Bu səbəbdən də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarın ləğv olunmasına əsaslar olmadığından şikayət əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi-tələbkar X2 Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən qəbul olunmuş “İcraata xitam verilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar