Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-492/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi ilə, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-95/2024 saylı icra sənədi üzrə tələbkar X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, e-2(012)-95/2024 saylı, xx.xx.2024-cü ıl tarixli qətnamənin icrası həvalə edilmiş Maraqlı şəxs icra məmuru Vadim Əliyevin vəzifə səlahiyyətlərini lazımınca icra etməməsi, hərəkətsizliyi səbəbilə barəsində müvafiq tədbirlər görülməsini, borclu X1 qətnamənin icrasına qərəzli olaraq maneə yaratdığından məhkəmə prosesinə cəlb olunması xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Borclu ilə birgə nikah münasibətlərindən 23 dekabr 2013-cü il təvəllüdlü övladı X5 doğulmuşdur. 2016-cı ildə aralarında olan nikah qeydi pozulmuş, məhkəmə qətnaməsinə əsasən uşaq anasının himayəsində saxlanılmışdır. Qeyd edir ki, oğlu sağlamlıq imkanları məhdud olan, “autizm, orta dərəcəli əqli gerilik" diaqnozu qoyulan uşaqdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2450/2017 saylı, 22 avqust 2017-cı il tarixli qətnaməsinə əsasən, uşaqla anasının iştirakı ilə əyləncə mərkəzlərinin birində görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Lakin həmin dövrdən 2024-cü ilədək olan dövr ərzində Borclu və anası oğluyla normal ünsiyyət yaratmağına hər vasitə ilə mane olduqlarından uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxan Abşeron Rayon Məhkəməsi e-2(012)-95/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən müəyyən olunmuşdur ki, övladıyla ünsiyyətdə olmağı onun sağlamlığı baxımdan heç bır təhlükə və ya hər hansı neqativ təsir xarakerli deyildir. Beləliklə də, övladı X5 ilə hər həftənin şənbə və ya bazar günü (həftədə 1 gün), eləcə də uşağın ad günü və ya bayram günləri, bayram günləri iki və ya daha artıq olduqda, bayram günlərinin birinci günü saat 11 00-dan 16:00-dək ünsiyyət hüququm təmin edilmişdir. Bundan sonra Borclu uşağın sağlamlıq imkanlarının məhdud olduğunu əsas gətirərək övladıyla təklikdə görüşməyinə etirazım bildirmiş, bu barədə ərizə ilə icra şöbəsinə müraciət etmişdir. Halbuki qətnamədə görüşün ananın iştirakı ilə keçirilməsi barədə heç bir qeyd yoxdur. İcra məmuru e-2(012)-95/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamənin izah olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsi ərizənin təmin edilməməsi barədə 8(012)-207/2024 saylı xx.xx.2024-cü ıl tarixlı qərardad çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, görüşün ananın iştirakı ilə keçirilməsi məsələsi məhkəmə mübahisəsinin predmeti olmamışdır və qətnamə kifayət qədər anlaşıqlı olduğundan əlavə izaha lüzum yoxdur. Aydındır ki, əgər qətnamədə görüşün məhz ananın iştirakı ilə keçirilməsi xüsusi olaraq qeyd edilməmişsə, demək ki, görüş təklikdə keçirilə bilər. Dəfələrlə icra şöbəsinə gedib bu barədə izah versə də, heç bir nəticə əldə edə bilməmişdir. Daha sonra borclu tərəf 8(012)-207/2024 saylı qərardaddan Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən işə baxılmış və şikayətin təmin edilməməsi, 8(012)-207/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın qüvvədə saxlanılması barədə 8(105)-70/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir. Beləliklə, borclunun Abşeron Rayon Məhkəməsinin e-2(012)-95/2024 saylı xx.xx.2024-cü ıl tarixli qətnaməsindən verdiyi heç bir etiraz və şikayət təmin edilməmiş, hər dəfəsində iddia rədd edilərək müvafiq qətnamə qüvvədə saxlanılmışdır. Lakin borclu tərəfindən qətnamənin icrasına qəsdən maneə törədilir. Haqqında heç bir əsası olmayan iddialar irəli sürülür. Guya ki, o, psixotrop dərmanlar qəbul edir. Halbuki, hazırda hüquq-mühafizə orqanında zabit olaraq xidmət edir və sağlamlığımla bağlı hər hansı probleminin olmadığı da əldə etdiyi sağlamlıq arayışlarında sübut olunur. Bütün qeyd edilənlərə baxmayaraq, Borclu övladıyla birlikdə sərbəst zaman keçirməyinə icazə vermir, övladına onun haqqında yalan, neqativ fikirlər deyərək uşağa psixoloji təsir göstərir. Nəticədə hazırda övladıyla təklikdə görüşüb sərbəst vaxt keçirə bilmir. Qətnamənin icrası həvalə edilmiş Abşeron rayon İcra və Probasıya şöbəsinin icra məmuru ananın bütün bu qanunsuz əməlləri görməzdən gəlir İcra məmuru uşaqla görüş hüququnu qət edən qətnamənin icrasına mane olan Borclu barəsində indiyədək heç bır tədbir görməmişdir. Sonda qətnamənin icrasına nail olmaq məqsədilə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət etmiş, icra məmurunun vəzifələrini layiqincə icra etməməsi və lazımi icra hərəkətlərini aparmadığı barədə məlumat vermişdir. İdarədən ona təqdim olunan cavab məktubunda qeyd edilmişdir ki, icra sənədi üzrə icra hərəkətlərinin aparılmasına xx.xx.2024-cü il tarixindən başlanılmışdır. Maraqlıdır ki, 6 ay keçməsinə baxmayaraq hələ qətnamənin icrasında müsbət bir nəticə əldə edilməmişdir. İcra məmurunun səriştəsizliyi səbəbilə aylardır ki, süründürməçiliyə məruz qalır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə şikayət ərizəsini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, qanunun analogiyasını tətbiq edərək, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər tələbkara geri qaytarılmalıdır. Şikayət ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, X4 hazırki şikayət ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib etməmiş, MPM-nin 149.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, şikayət ərizəsindən görünür ki, tələbkar şikayət ərizəsində e-2(012)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin icrası həvalə edilmiş Maraqlı şəxs icra məmuru Vadim Əliyevin vəzifə səlahiyyətlərini lazımınca icra etməməsi, hərəkətsizliyi səbəbilə barəsində müvafiq tədbirlər görülməsini xahiş etsə də, icra məmurunun hərəkətsizliyi dedikdə nələri nəzərdə tutduğunu qeyd etməmiş, bununla da tələbini aydın və konkret göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. -152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-95/2024 saylı icra sənədi üzrə tələbkar X4 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər tələbkar X2 geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-492/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-492/2024
18.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver