Məhkəmə qərarları › İş №8(012)-517/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-517/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-517/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunması barədə Abşeron rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatına 29 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-337/2014 saylı, 09 yanvar 2014-cü il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1979-cu il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, Digah qəsəbəsi, 2-ci Xətai döngəsi, ev 4-də qeydiyyatda olan Borclu və xx.xx.1963-cü il tarixdə Quba şəhərində anadan olmuş, Bakı şəhəri, M.Əlizadə küçəsində qeydiyyat olan X1, Bakı şəhəri, R.Behbudov küçəsi, ev 59, mənzil 1 üvanında yaşayan kreditor Tələbkar 558 manat əsas borc, 89 manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 667 manat dəyərində pulun tutulması qət edilmişdir. İcra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra Şöbəsinin icra məmuru X2 Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Abşeron rayon İcra Şöbəsinin icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-337/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Borclu 647 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədindəki tələb təmin edilməmişdir. Belə olan halda icra sənədinin icrası ilə bağlı borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Borclu adında olan əlaqə nömrələrinə sms bildiriş göndərilmişdir. Buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş, bununla da icra sənədinin icrasından yayınmışdır. Buna görə də, Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmişlər, iclas onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin oluna bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Lakin təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən müvafiq qərar qəbul edilməmişdir. Hazırki halda icra məmuru qanunun tələbinə riayət etməmiş, vəzifə borcunu icra etməklə müvafiq qərar qəbul etmək əvəzinə, qanunvericiliklə müəyyən edilən icra hərəkətlərinin həyata keçirilməsini məhkəmənin üzərinə yönəltmişdir. Həmin qərarını qəbul edərkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ bəndi və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndi ilə qorunan, vətəndaşın fundamental hüququ olan azadlıq hüququnun mötəbər əsaslar olmadan məhdudlaşmasının yolverilməz olduğunu rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 267- 268-ci maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra şöbəsinin icra məmuru X2 Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunması barədə təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar