Məhkəmə qərarları › İş №8(012)-566/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-566/2024

28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-566/2024 28.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1951/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, Borclu 3254 manat pul və ödənilmiş 52,54 manat dövlət rüsumunun əvəzinin tutularaq Tələbkar MMC-yə ödənilməsi, ekspertizanın dəyəri kimi 100 manat pulun Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan “Kia Optima” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1951/2022-014 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3254 manat məbləğində pul vəsaiti və 52,54 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanunla nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul edillmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Könüllü icra müddəti bitdikdən sonra borclu şöbəyə dəvət edilmiş, həmin müddət ərzində icra sənədini icra etməməsi məlum olmuşdur və barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Belə ki, ilk növbədə borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, mülkiyyətində “Kia Optima” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar edilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün AR DİN-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən daxil olmuş yazılı məlumata əsasən qeyd olunan avtomobil barəsində müvafiq məhdudiyyət tədbirləri tətbiq edilmişdir. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədi ilə aparılmış icra tədbirləri nəticəsində borclunun "xxxx" MMC-də əmək müqaviləsinin olması və 370 manat əmək haqqı alması müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə tələbin borclunun əmək haqqına yönəldilməsinə dair qərar qəbul edilərək icra olunması üçün 23324/2023-7C nömrəli məktubla iş yerinə göndərilmişdir. Lakin bir müddət sonra tələbkarın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi şöbəyə müraciət edərək təmsil etdiyi hüquqi şəxsin hesabına heç bir vəsaitin daxil olmadığını bildirmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə borclunun əmək haqqından tələbkarın xeyrinə tutulmaların aparılıb-aparılmaması barədə sorğu ilə "xxxx" MMC-yə müraciət edilmiş, lakin cari tarixədək sorğuya cavabla bağlı məlumat şöbəyə daxil olmamışdır. Beləliklə, təqdimatdan və təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, tələb borclunun əmək haqqına yönəldikdən sonra tələbkarın xeyrinə pul vəsaiti tutulmadığından, eyni zamanda tələbkarın tələbinin təmin edilməsi üçün yetərli olmadığından tələbin borclunun digər əmlakına yönəldilməsi zərurəti yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakına həbs qoymaq və onu satmaq yolu ilə tələbin borclunun daşınar əmlakına yönəldilməsi qanuna müvafiqdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.3-cü maddəsinə uyğun olaraq tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, Borclu indiyədək Abşeron Rayon Məhkəməsinin 2(012)-1951/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində qeyd olunmuş məbləğdə borcu Tələbkar MMC-yə ödəmədiyini, borcun ödənilməsinin təmin edilməsi ilə bağlı hər hansı tədbir görülmədiyini bildirdi və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «Kia Optima» minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomaşın sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1951/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan «Kia Optima» minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatı təmin edilsin. Borclu məxsus olan «Kia Optima» minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar