Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-58/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Ərizəçi-tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-6595/2018 saylı əmrinə əsasən, Borclu abunə haqqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin xeyrinə 39.15 manat abunə və xidmət haqqı, dövlət rüsumu olaraq 20 manat olmaqla, cəmi 59.15 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Ərizəçi-tələbkar "xxxx" MMC şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 8(012)-58/2023 saylı qərardadına əsasən, ərizəçi-tələbkar "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-6595/2018 saylı icra sənədi əsasında qəbul olunmuş “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə geri qaytarılması” barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi Abşeron rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 8(012)-58/2023 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Abşeron rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 8(012)-58/2023 saylı qərardadına əsasən, Abşeron rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 8(012)- 58/2023 saylı qərardadından Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməmiş və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(105)-52/2023 saylı qərardadına əsasən, Abşeron rayon İcra və Probasiya şöbəsinin şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli və onunla bağlı 03 aprel 2023-cü il tarixli qərardadları ləğv edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından "xxxx" MMC tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün işin Abşeron rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-6595/2018 saylı icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən “İcra haqqında” Qanunun 23.1.2-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixdə “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul edilmişdir. İcra şöbəsi tərəfindən qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. İcra məmuru qərarında borclunun əmlakının tapılmamasına istinad edərək icra sənədini məhkəməyə qaytarmışdır. İcra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman qanunun yuxarıda qeyd edilən maddəsinin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Adına banklarda hesabların olması ilə bağlı icra məmuru tərəfindən həmin banklara sorğuların göndərilməsi və hesablar üzərinə inkasso sərəncamının qoyulması barədə heç bir sənəd qərara əlavə edilməmişdir. Borclunun cari hesabları olan əsas banklara isə ümumiyyətlə, sorğular göndərilməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə isə əmlakla bağlı heç bir sorğu göndərilməmişdir. Bütün bu halları araşdırmaq əvəzinə, icra məmuru sadəcə “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etməklə kifayətlənmişdir. Eyni zamanda, icra məmuru qərarın surətini məktubla iddiaçıya göndərmişdir. Ona görə də göstərilənlərə əsasən, şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Ərizəçi-tələbkar "xxxx" MMC-nin şikayətinə qarşı Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş etirazdan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-6595/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmışdır. İcra icraatı zamanı borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir aşkar edilməmişdir. Borclu İİ Qarabağ müharibəsinin (Vətən müharibəsi) iştirakçısıdır, tələbi müharibə veteranına verilən sosial ödənişə yönəltmək olmur. Bu da öz təsdiqini “Elektron icra” informasiya sistemi vasitəsi ilə elektron şəkildə aidiyyəti qurumlardan alınmış məlumatlarda və xx.xx.2022-ci il tarixli aktda tapır. Digər tərəfdən, xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 306 saylı Qərarı ilə “Elektron icra” informasiya sistemi haqqında əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamənin 1.4-cü bəndinə əsasən, informasiya sistemi icra sənədlərinin və icra hərəkətlərinin elektron məlumat bazasının yaradılması, icra mexanizmlərinin təkmilləşdirilməsi, icra fəaliyyətində keyfiyyətin və çevikliyin artırılması, fiziki və hüquqi şəxslərə keyfiyyətli xidmətlərin göstərilməsi və onlar üçün informasiyanın əlçatanlığının təmin edilməsi məqsədilə formalaşdırılmışdır. Buna görə də "xxxx" MMC-nin şikayət ərizəsində icra məmuru tərəfindən ümumiyyətlə, sorğuların göndərilməməsi ilə bağlı göstərilən hallar əsassızdır və yalnız formal mülahizələrə əsaslanır. Belə ki, icra məmuru tərəfindən “Elektron icra” informasiya sisteminin imkanlarından istifadə edilməklə aidiyyəti qurumlara sorğuların elektron şəkildə göndərilməsi sistemdən alınmış müvafiq çıxarışda əks olunur. Məhkəmə iclasında iştirak etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ilə borclu X1 hazırki vaxtda qanunla tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri olmadığından icra sənədi “İcra haqqında Qanun”un 23.1.3-cü maddəsinə əsasən, geri qaytarılmışdır. Qərar əsaslı olmaqla obyektiv şəkildə qəbul edilmişdir. Həmin ərəfədə “Elektron icra” informasiya sistemi vasitəsilə online qaydada inteqrasiya olunmuş qurumlardan sorğular edilmiş, aydın görünür ki, borclunun əmlakı, tələbin yönəldiləcəyi bank hesabı və sairə yoxdur, aldığı müavinət isə tələbin yönəldilməsinə əsas deyildir. Ona görə də şikayət əsaslı olmadığından təmin edilməməlidir. Həmçinin, tələbkar tərəfindən şikayətdə göstərilən hallar formal xarakter daşıyır. Əgər müəyyən zaman keçdikdən sonra dəyişiklik olarsa tələbkar ərizə ilə müraciət etməli və bu barədə müvafiq tədbirlər görülür. Həmçinin, ərizənin surəti məhkəməyə təqdim edilməklə icra sənədinin yenidən icra edilməsi xahiş olunur. Ərizəçi-tələbkar "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə elektron qaydada təqdim etdiyi ərizədən görünür ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh Borclu arasında bağlanmış abunə müqaviləsinə əsasən, cavabdeh mobil nömrə ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə, xidmət haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən notariat ofisinə müraciət edilərək cavabdehdən borcun tutulması haqqında icra qeydinin çıxarılması xahiş edilmişdir. İcra qeydi çıxarıldıqdan sonra icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra şöbəsi tərəfindən qəbul edilmiş qərara əsasən, “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul edilmişdir. Bu günə olan məlumata əsasən, borclu nömrəsində yaranmış borcu ödəməmiş və icra sənədini icra etməmişdir. Odur ki, şikayətə baxılmasına dair məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi və şikayətin təmin edilməsi məhkəmədən xahiş olunmuş, məhkəmə işə ərizəçi-tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, şikayətlə bağlı münasibəti araşdırıb, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 6595/2018 saylı icra sənədi üzrə icraata başlanılaraq 10 (on) gün müddətində könüllü icra edilməsi üçün ünvan üzrə tərəflərə bildiriş göndərilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, hal şahidləri X7 və X4 tərəfindən imza edilməklə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-6595/2018 saylı icra sənədinin icrası məqsədilə borclu X1 yaşadığı ünvan 2 ünvanında olunmuş, mənzilə baxış keçirilmiş və tələbin yönəldiləcəyi borcluya məxsus hər hansı bir əmlak aşkar edilməmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 6595/2018 saylı icra sənədi üzrə iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, borclu X2 hazırki vaxtda qanunla tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığından icra sənədinin “İcra haqqında Qanun”un 23.1.3-cü maddəsinə əsasən, geri qaytarılması qərara alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Borclu Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyə görə 330 manat, 2-ci qrup əlilliyə görə isə 372.83 manat sosial müavinət alır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsasıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-6595/2018 saylı əmrinə əsasən, Borclu abunə haqqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin xeyrinə 39.15 manat borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 59.15 manat pul vəsaitinin tutulması qərara alınmış, sözügedən icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icra tədbirləri həyata keçirilmişdir. “İcra haqqında Qanun”un 23.1.3. maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, icra sənədinin icra edilmədiyi və ya qismən icra edildiyi hallarda icra sənədini vermiş məhkəməyə qaytarılması əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan biri də tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər olmadığı, yaxud həmin istiqamətdə görülmüş tədbirlər hər hansı bir nəticə vermədiyi hallarda mümkündür. Hazırki şikayət əsasında isə ləğv edilməsi xahiş olunan qərar məhz Qanunun 23.1.3-cü maddəsinin tələbləri əsasında geri qaytarılmışdır. “İcra haqqında Qanun”un 43.1. maddəsinə əsasən, məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qanunun tələblərindən göründüyü kimi, icra sənədinin icrasını həyata keçirən icra məmuru öhdəliklər icra edilmədiyi təqdirdə məcburi icra tədbirlərinin ardıcıllığını həyata keçirir. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə borclu şəxsin adına iş yeri, əmlak, bank hesabı müəyyən olunmamışdır. Bununla yanaşı, Borclu ikinci Qarabağ müharibəsi iştirakçısı olmaqla sosial müavinət alır ki, müharibə veteranına verilən sosial ödənişə tələbi yönəltmək də mümkün deyildir. Beləliklə də, icra sənədinin icrası üçün həqiqətən də, borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilməmiş və bu, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli akt və “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış məlumat əsasında da öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsnə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə, Qanunun tələblərinə istinad edib şikayətə əlavə olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, məhkəmə aktının icrasına nəzarət məhkəmənin vəzifəsi olduğu kimi, icrasının həyata keçirilməsini təmin etmək də icra məmurunun vəzifəsidir. İcra sənədi üzrə icra tədbirlərinin bütünlüklə həyata keçirilməməsi icra sənədinin icrasını mümkünsüz edir ki, bu da dolayısı ilə məhkəmə aktının icrasını səmərəsiz və əhəmiyyətsiz edir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, şikayət və şikayətə əlavə olunmuş sənədləri, o cümlədən, apellyasiya instansiya məhkəməsinin mövqeyinə istinad edərək qeyd edir ki, icra sənədinin icra edilməsini təmin edən məcburi icra tədbirləri icra məmuru tərəfindən yerinə yetirilmiş, lakin borcluda tələbin yönəldiləcəyi əmlak, bank hesabı və sairə aşkar edilməmişdir. Lakin bununla belə, borclunun aldığı sosial müavinət tələbin yönəldilməsinə, dolayısı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-6595/2018 saylı icra sənədi əsasında qəbul olunmuş “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə geri qaytarılması” barədə qərarının ləğv edilərək icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsinə əsas deyildir. Ona görə də şikayət əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-6595/2018 saylı icra sənədi əsasında qəbul olunmuş “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə geri qaytarılması” barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsinə dair ərizəçi-tələbkar "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-58/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-58/2023
12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver