Məhkəmə qərarları › İş №8(012)-581/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-581/2023

14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-581/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-6132/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu 1271.58 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 6132/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu 1271.58 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuşdur. Lakin icra sənədinin icrası hazırki vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. Borclu adına telefon nömrələri ilə dəfələrlə əlaqə saxlanılmış və sms bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş, bununla da icra sənədinin icrasından yayınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədəmüvafiqdir. Ona görə də Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. İcra orqanı təqdimata icra işindən edilmiş çıxarışı əlavə etsə də, digər aparılmış zəruri icra tədbirləri barədə sənədlərini məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində, müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci və “İcra haqqında” Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar