Məhkəmə qərarları › İş №8(012)-598/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-598/2025

07.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-598/2025 07.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abiyev Fərid Nurəddin oğlunun katibliyi ilə, Tələbkar-ərizəçi X1 iştirakı ilə, Qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə X3 tərəfindən verilmiş ərizəyə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(012)-6265/2017 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, X5 ilə Borclu arasında 15 sentyabr 2016-cı il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində 254 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 30 iyun 2017-ci il tarixdə doğulmuş X6 anası X2 yanında qalması, 30 iyun 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi Borclu X2 xeyrinə hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması, 30 iyun 2017-ci il tarixdə doğulmuş X4 3 yaşına çatanadək Borclu X2 xeyrinə hər ay 50 manat alimentin tutulması qət edilmişdir. Tələbkar-ərizəçi X3 ərizə ilə müraciət edərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(012)-6265/2017 saylı qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 136,60 manat məbləğində sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uygun sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar-ərizəçi X3 ərizəni belə əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(012)-6265/2017 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, onunla Borclu arasında 15 sentyabr 2016-cı il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində 254 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 30 iyun 2017-ci il tarixdə doğulmuş X6 onun yanında qalması, 30 iyun 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi Borclu onun xeyrinə hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması, 30 iyun 2017-ci il tarixdə doğulmuş X4 3 yaşına çatanadək Borclu onun xeyrinə hər ay 50 manat alimentin tutulması qət edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, məhkəmənin qətnaməsinə əsasən müəyyən edilən aliment məbləği övladına baxmağı, eyni zamanda artan sosial və digər xərcləri üçün kifayət etmir. Hal-hazırda övladını təkbaşına böyüdür, işləməyinə baxmayaraq özünün və övladının xərclərini qarşılamaqda çətinlik çəkir. Belə ki, yaşına münasibətdə ildən-ilə xərcləri də ona uyğun olaraq artmaqdadır. Buna görə də sabit pul məbləğində tutulan aliment miqdarının yenidən hesablanması-indeksasiya edilməsinin övladını tək başına böyüdən bir ana olaraq övladının ildən-ilə artan xərclərinin qarşılanmasında ona müəyyən qədər kömək edəcəyini düşünür. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilən alimentin ölkə üzrə müəyyən olunan minimum əmək haqqı məbləğinin müəyyən mislinə uygun sabit pul məbləğində hesablanmasının övladının kifayət qədər yaxşı yetişməsi, gələcəyi və mənafeyi baxımından vacib olduğu qənaətindədir. Göstərilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilmişdir. Göstərilənləri və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li Qərarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(012)- 6265/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 136,60 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 1,17 misli (136,60:116 m.ə.h =m.ə.h 1,17 misli) həddində sabit pul məbləğinə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(012)-6265/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 136,60 manat alimentin məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində sabit pul məbləğinə indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar