Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-605/2025 30.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Tələbkar, Borclu, Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının aparıcı məsləhətçisi YYÇİHMK-nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X2 iştirakı ilə, Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-1626/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar övladı – xx.xx.2015-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək, Yeni il və Novruz Bayramı günlərində isə bayramın ikinci günü saat 11:00-dan saat 16:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş uşaqla ünsiyyət qaydaları dəyişdirilərək övladı X3 ilə hər həftənin şənbə və bazar günləri gecə onun yanında qalmaqla, eyni zamanda iki gündən artıq davam edən bayram günlərində gecə onun yanında qalması şərti ilə iki gün ərzində və uşağın ad günündə saat 11:00-dan 19:00-a qədər Borclu iştirakı olmadan ünsiyyətdə olma qaydalarının müəyyən edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun övladı xx.xx.2015-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək, Yeni il və Novruz Bayramı günlərində isə bayramın ikinci günü saat 11:00-dan saat 16:00-dək ünsiyyətdə olmaq (görüş) hüququnun verilməsi müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində görüş zamanı ata və uşaqdan başqa hər hansı üçüncü şəxsin iştirakı nəzərdə tutulmamışdır. Uzun çəkişmələrdən və çətinliklərdən sonra o, məhkəmə qətnaməsinə əsasən uşaqla görüşsə də, artıq 1 ilə yaxındır ki, qarşı tərəf onun uşaqla ünsiyyətdə olmasına və görüşməsinə mane olur. Belə ki, Borclu uşağa psixoloji təsir göstərərək övladını ondan uzaqlaşdırmağa çalışır. Bununla bağlı onun icra şöbəsinə və Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə verdiyi şikayətlər də səmərə vermir. Hər həftənin şənbə günü uşaqla görüşmək istəsə də qarşı tərəf müxtəlif bəhanə gətirir, gah uşağın xəstə olmasını, gah onun xəstəxanada olmasını, gah da uşağın onunla görüşmək istəməməsini əsas gətirərək uşaqla onu görüşdürməkdən imtina edir. Məhkəmə qətnaməsində onun yalnız həftənin bir günü, yəni şənbə günü uşaqla ünsiyyət qaydaları müəyyən edildiyindən digər günlər həmin günün əvəzinə o, uşaqla ünsiyyətdə olmaq imkanından məhrum olur. Buna görə də o, əvvəlki qətnamə ilə müəyyən edilmiş uşaqla ünsiyyət qaydalarının dəyişdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun övladı ilə həftədə bir dəfə ünsiyyətdə olmaq hüququ olsa da görüş zamanı uşağa təzyiq etdikləri üçün uşaq onunla görüşmək istəmir. Həmçinin onun uşaqla görüşü 3 aydan bir keçirilir, belə ki, o, qarşı tərəfə zəng etsə də zənginə cavab verilmir. Hazırda isə o, övladı ilə onun yanında qalmaq şərtilə ünsiyyətdə olmasını istəyir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, müvafiq məhkəmə qətnaməsi əsasında Tələbkar övladı X3 ilə şənbə və bazar günləri ünsiyyətdə olması hüququ müəyyən edilmişdir. O, uşağın atası ilə ünsiyyət qurmasına şərait yaradaraq uşağı atasına vermişdir. Lakin o, qarşı tərəfin uşağı özü ilə aparmasına qarşıdır. Hazırda uşaq onunla birlikdə yaşayır, atası ilə qalmaq istəmir və atasını rədd edir. Amma o, Tələbkar övladını gəlib görməsinə etiraz etmir. Bildirir ki, onun övladı hazırda orta məktəbdə təhsil alır və hesab edir ki, uşaqla görüş məktəbdə təşkil olunmalıdır. İcra məmuru tərəfindən çağırıldıqda o, hər dəfə uşağı görüşə aparmışdır. Onlar məktəbə gedəndə Tələbkar uşaqla görüşə bilər. Artıq iki ildir ki, uşaq atasını tanımır. Hesab edir ki, uşaqla görüş qaydası əvvəlki kimi saxlanılmalıdır. Odur ki, göstərilənlərə əsasən o, ərizənin təmin edilməməsini xahiş etdi. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının aparıcı məsləhətçisi YYÇİHMK-nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflərin birgə nikahından olan övladı X3 atası Tələbkar anası Borclu qarşı qeyri-etik ifadələr işlətməsinin şahidi olmuşdur. Uşaq hazırda atasını istəməsə də böyüdükdən sonra atası ilə görüşmək istəyə bilər. Hesab edir ki, atanın övladı ilə ünsiyyətdə olması məqsədə müvafiqdir. Belə ki, uşağın bir fərd kimi formalaşmasında atanın rolu mühümdür və uşağın atası ilə təmasda olması onun xeyrinədir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının aparıcı məsləhətçisi YYÇİHMK-nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X2 iştirakı ilə izahat verən 26 sentyabr 2015-ci il təvəllüdlü X3 izahatında bildirdi ki, o, hazırda orta məktəbin 4-cü sinfində təhsil alır və məktəbə tək və piyada gedib-gəlir. Atası Tələbkar ona heç bir vaxt atalıq etməmişdir və ona ata kimi qayğı göstərməmişdir. Hətta bir dəfə atası onu və anasını gecə 12-də çölə atmışdır. Anası ona atası ilə görüşməsini desə də o, atası ilə görüşmək istəmir. Hər il atası icra şöbəsinə və məktəbə gəlsə də o, atası ilə görüşmək istəməmişdir. Atası onunla, bir dəfə də olsun, bir süfrə arxasında çörək yeməmişdir. O, axırıncı dəfə icra şöbəsində atası ilə görüşmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının övladı xx.xx.2015-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək, Yeni il və Novruz Bayramı günlərində isə bayramın ikinci günü saat 11:00-dan saat 16:00dək ünsiyyətdə olmaq (görüş) hüququnun verilməsi müəyyən edilmiş və ərizəçi halhazırda qətnaməsinin icra üsulunun dəyişdirilərək övladı X3 ilə hər həftənin şənbə və bazar günləri gecə onun yanında qalmaqla, eyni zamanda iki gündən artıq davam edən bayram günlərində gecə onun yanında qalması şərti ilə iki gün ərzində və uşağın ad günündə saat 11:00-dan 19:00-a qədər Borclu iştirakı olmadan ünsiyyətdə olma qaydalarının müəyyən edilməsini xahiş etsədə,lakin məhkəmədə işin faktiki halları qiymətləndirilərkən qətnaməsinin icra üsulunun dəyişdirilməsinə əsas verən hallar müəyyən edilmir.Belə ki,işin faktiki hallarının obyektiv qiymətləndirilməsi üçün məhkəmə tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının aparıcı məsləhətçisi YYÇİHMK-nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X2 iştirakı ilə 26 sentyabr 2015-ci il təvəllüdlü X3 məhkəmədə dindirilmiş və sonuncu atası ilə görüşmək istəmədiyini məhkəmənin diqqətinə çatdırmışdır.Məhkəmə hazırki vəziyyətdə uşağın mövqeyini, marağını və üstün mənafeyini nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ilə müəyyən edilmiş ünsiyyətin icra üsulunun dəyişdirilməsi üçün yeni hallar və səbəb müəyyən edilmədiyindən, həmin qaydanın dəyildirilməsi hazırki vəziyyətdə uşağın üstün mənafeyinə və marağına xidmət etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-1626/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-605/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-605/2025
30.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver