Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-612/2023 04.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, borclu X1 iştirakı ilə borclu X1 Abşeron rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(012)-3570/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X2 Abşeron rayon Məhkəməsinin xx.xx.2023-ciil tarixli, 2(012)-3570/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin icrasında möhlət verilməsinə dair məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinin 3570/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan bank VTB-nin xeyrinə 6759 manat 57 qəpik pulun tutulması qət edilmişdir. Hazırda onun maliyyə durumu elə vəziyyətdədir ki, onun bu vəsaiti toplayıb ödəyə bilmir. Abşeron rayon İcra və Probasiya şöbəsindən də onu çağırıb tələb edirlər ki, təcili pulu ödəməlidir. o, ailəlidir, iki övladı var, həyat yoldaşı və anası xəstədir, komunal xərclər də borcları da ödəyə bilmir, aldığı məvacibin yarısı bankdakı borcuna yönəldilmişdir. Ayda 100 manat ödəməyə imkanı var. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur Borclu X2 məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə digər banka məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəməyə gəlməmişlər, məhkəmə bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədininicrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinin mənasından görünür ki, qətnamənin hissə-hissə icra edilməsinə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə ərizəçinin xahişinin əsaslarına hüquqi qiymət verərərk hesab edir ki, borclu X1 Abşeron rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(012)-3570/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinın qeyd edilən əsasları ərizənin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ərizənin təmin edilməsi mülkiyyətçi olaraq tələbkarın öz əmlakından istifadəsini mümkünsüz edər və nəticə etibarı əmlakına münasibətdə mülkiyyətçinin mənafeləri pozular, iki ildən artıq müddətdə hələ də qətnamə icrasız qalmışdır. Həmçinin, ərizədən göründüyü kimi hansı müddətə möhlət verilməsi də qeyd edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu X2 nın Abşeron rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(012)-3570/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-612/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-612/2023
04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver