Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-615/2025 29.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar1 ödənilməli pul məbləğinin indeksasiya olunmasına dair ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar1 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1474/2012 saylı, 02 oktyabr 2012-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 1100,40 manat pul məbləğinin indeksləşdirilərək 2014-cü il tarixdən 2025-ci ilin iyul ayınadək 212,20 faiz artımı (1100,40 AZN x 212,20 96 = 2335,05 AZN) nəzərə alınaraq 3435,45 manat məbləğində indeksləşdirilməsinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar1 ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1474/2012 saylı, 02 oktyabr 2012-ci il tarixli məhkəmə qərarına əsasən Borclu cəmi 1100,40 manat məbləğində pul tutularaq Tələbkar1 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsə idi, o, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borclunun məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə o, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə ona ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci ildə aprel ayında 2012-cü ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 212,20 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 dəfə artmışdır. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən o, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi Tələbkar1, Borclu, Tələbkar2 və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizəçi Tələbkar1 ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1474/2012 saylı, 02 oktyabr 2012-ci il tarixli icra sənədi üzrə Borclu şəxsi məlumatları barədə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumat vərəqəsindən göründüyü kimi Borclu xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Buradan aydın olur ki, Borclu hazırki iş üzrə ərizə məhkəməyə daxil olduğu tarixdən (xx.xx.2025-ci il tarixdən) əvvəl vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.1ci maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və ərizəçi Tələbkar1 ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-in 261.0.1; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Tələbkar1 ödənilməli pul məbləğinin indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-615/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-615/2025
29.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver