Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-62/2024 08.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1532/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu 14500 manat məbləğində pul və 100 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 0,06 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1532/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu 14500 manat məbləğində pul vəsaiti və 100 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazırkı vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında 0,06 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********23) olması müəyyən edilmişdir. Belə olan halda borclu X1 barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, yuxarıda qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 0,06 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və iş üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1532/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 0,06 ha (reyestr nömrəsi: **********23) torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-62/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-62/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver