Məhkəmə qərarları › İş №8(012)-641/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-641/2022

05.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-641/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-1369/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, X1 və Borclu 2803.87 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət olunmuşdur. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(012)-839/2014 saylı qərardadından görünür ki, təqdimat qismən təmin edilmiş, Borclu məxsus olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı məhkəməyə daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli qərarla icraata başlanılan Abşeron rayon Məhkəməsinin 2(012)-1369/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, X1 və Borclu 2803.87 manat pul vəsaitinin tutularaq Tələbkar ASC-yə ödənilməsi qət olunmuşdur. Həmçinin, icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayon Məhkəməsinin 8(012)-839/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadına əsasən, Borclu mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.4 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb borclu tərəfindən tam olaraq təmin edildiyindən icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, xitam verilmişdir. Ona görə də Borclu mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.4 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə təqdimatı vermiş icra məmuru, icra sənədi üzrə tələbkar və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və təqdimata əlavə olunmuş: -Tələbkar ASC-nin Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli 3297 saylı məktubdan görünür ki, bank Abşeron rayon Məhkəməsinin 2(012)-1369/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, icra işi üzrə ödənilməli olan borc məbləği Borclu tərəfindən banka tam şəkildə ödənildiyindən icra işinə “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 20.1.5-ci maddəsinin tələblərinə əsasən, xitam verilməsini xahiş etmişdir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarından biridir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən göründüyü kimi, Abşeron rayon Məhkəməsinin 2(012)-1369/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi Abşeron rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(012)-839/2014 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda, həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə tələbkarın ərizəsi Abşeron rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki icra sənədi üzrə icraata “İcra haqqında Qanun”un 20.1.5-ci maddəsinin tələblərinə əsasən, xitam verilməsinə dair tələbkarın ərizəsi daxil olduğundan, icra sənədi üzrə borc tam şəkildə ödənilərək öhdəlik icra edildiyindən və bu səbəbdən də üzərinə həbs qoyulmuş, Borclu mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4 ha torpaq sahəsinin üzərində həbsin saxlanılmasına zərurət qalmadığından Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı əsaslı hesab edilərək təmin edilməli, Borclu adına olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.4 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar