Məhkəmə qərarları › İş №8(012)-642/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-642/2025

27.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-642/2025 27.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Abşeron Rayon Məhkəməsinin 2(012)-4357/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(012)-4357/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 154 manat aliment məbləğinin artırılaraq 246 manatdan az olmamaq şərti ilə, həm də sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqının misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(012)-4357/2018 saylı qətnaməsinə əsasən cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs yetkinlik yaşına çatanadək hər ay olmaqla hər uşaq üçün 154 manat, cəmi 308 manat alimentin sabit pul məbləğində tutularaq onun hesabına ödənilməsi qət edilmişdir. 2018-ci ildə qəbul edilmiş qətnamə ilə alimentin miqdarı 154 manat müəyyən edildikdən sonra uşaqlar üçün yaşayış minimumu artırılaraq, 2025-ci il üçün 246 manat müəyyən edilmişdir. Habelə, 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı artırılaraq 400 manata çatdırılmışdır. Həm də Maraqlı şəxs gəlirləri əlavə, rəsmi qeydə alınmayan gördüyü işlər hesabına əhəmiyyətli miqdarda artmışdır. Bundan başqa məlum olduğu kimi uşaqlar böyüdükcə onların xərcləri də artır. Bazarda istehlak mallarının qiymətində xeyli bahalaşmalar baş vermişdir. Bu səbəbdən daha əvvəl müəyyən edilmiş alimentin miqdarının indeksləşdirilməsi zərurəti yaranmışdır. Artıq 6 ildir ki, onunla Maraqlı şəxs ayrı evlərdə yaşayırlar. Maraqlı şəxsin aldığı maaş 2000 manat təşkil edir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(012)-4357/2018 nömrəli qətnaməsi ilə 154 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı ölkə üzrə 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqına uyğun olaraq indeksasiya edilməlidir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını və işin faktiki hallarını tədqiq edərək hesab edir ki, hazırki ərizəyə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il qərarı ilə 8.4-cü bəndə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin 8.4-2-ci yarımbənddə Ali Məhkəmənin Plenumu qeyd etmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu indeksasiyanın maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə, yəni məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən baxılmasını müəyyən etmişdir. Lakin X4 tələbində Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(012)-4357/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsini xahiş etsə də iş materiallarından göründüyü kimi X8 iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4357/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 24 dekabr 2013-cü il təvəllüdlü X7 və 25 avqust 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulması qət edilmiş cəm 308 manat miqdarında alimentin miqdarının dəyişdirilərək, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3612/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(012)- 4357/2018 saylı qətnaməsi əsasında 24 dekabr 2013-cü il təvəllüdlü X7 və 25 avqust 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Maraqlı şəxs iddiaçı X5 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılması, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 24 dekabr 2013-cü il təvəllüdlü X7 və 25 avqust 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs iddiaçı X5 xeyrinə hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması və cavabdeh Maraqlı şəxs 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Buradan aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(012)-4357/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan övladları 24 dekabr 2013-cü il təvəllüdlü X7 və 25 avqust 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment müəyyən edilsə də Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3612/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(012)- 4357/2018 saylı qətnaməsi əsasında uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək artırılmışdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 151-152-ci maddələri hazırki işə analogiya üzrə tətbiq edilməklə ərizə geri qaytarılmalı və X3 izah edilməlidir ki, alimentin indeksasiyası ilə bağlı sonuncu məhkəmə aktını qəbul etmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Abşeron Rayon Məhkəməsinin 2(012)-4357/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. X3 izah edilsin ki, alimentin indeksasiyası ilə bağlı sonuncu məhkəmə aktını qəbul etmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmalıdır. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar