Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-653/2025 29.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, Ərizəçi (tələbkar) X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-2955/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qət edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə tələbkar X2 ərizəsinə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə tələbkar X5 məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2955/2023 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2955/2023 saylı qətnaməsinə əsasən Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bundan əlavə hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Övladının maddı ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi (tələbkar) X5 ərizəsini müdafiə edərək təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, aylıq 170 manat məbləğlə uşaqlara qulluq göstərə bilmir. Məhkəmə iclasında maraqlı şəxs (borclu) Maraqlı şəxs izahatında bildirmişdir ki, o, Gəncə şəhərində kirayə evdə yaşayır və ofisiantlıqla məşğuldur, onun daimi gəlir mənbəyi yoxdur. Xərçəngə doğru gedən xəstəliyi var. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2955/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 2(015)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs tutularaq, iddiaçı X3 ödənilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması, cavabdeh Maraqlı şəxs 32 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2955/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tələbkara ödənilməli olan hər ay hər uşağa görə aylıq 170 manat sabit məbləğdə aliment ödənilməlidir. Hazırda isə tələbkar ərizə ilə məhkəməyə müraciət edərək bu məbləğin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddənin məzmunundan göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 saylı 20 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-2-ci bəndinə əsasən məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, Ailə Məsələsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulması həyata keçirən təşkilatın müdiriyyəti (borculunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanuvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15 saylı “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının “8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” İş materiallarından görünür ki, ərizəçi (tələbkar) X5 alimentin indeksasiya edilməsi barədə ərizəni xx.xx.2025-ci ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin indeksasiyasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına görə Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Həmin Sərəncama edilmiş 23 dekabr 2024-cü il tarixli əlavəyə görə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2955/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilən alimentin məbləği 2023-cü ilin minimum əmək haqqının (345 manat) 0.49 mislini təşkil etməsi nəzərə alınarsa, hazırda alimentin məbləğinin 2025-ci ilin mimimum əmək haqqına münasibətdə qalxması (təqribən 196 manat) müəyyən olunur. Məhz bu səbəbə görə məhkəmə ərizənin əsaslı olması və onun təmin edilməsi nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2955/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün Maraqlı şəxs tutulan 170 manat məbləğində alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-653/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-653/2025
29.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver