Məhkəmə qərarları › İş №8(012)-654/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-654/2025

29.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-654/2025 29.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-623/2015 saylı məhkəmə əmrinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə Tələbkar tərəfindən verilmiş ərizəyə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İcra sənədi üzrə ərizəçi (tələbkar) Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-623/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 1221 manat məbləğin indeksləşdirilərək 2015-ci ilin yanvar ayından 2025-ci ilin aprel ayınadək 201.5 faiz artımı (1221 manat x 201.5 % = 2460.32 manat) nəzərə alaraq, cəmi 3681.32 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-623/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu2 və Borclu1 cəmi 1221 manat məbləğində pulun müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Bu səbəbdən məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 1221 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Maraqlı şəxs2 və icra sənədi üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, ərizəçi (tələbkar) Tələbkar xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, iş çoxluğu ilə əlaqədar üzrlü səbəbdən iş üzrə məhkəmə baxış iclasında iştirak edə bilmədiyini, iş üzrə zəruri sənədlərin ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunduğunu bildirmiş, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalıdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-623/2015 saylı məhkəmə əmrinə əsasən, Abşeron rayonu, Masazır şosesinin şimalı ünvanda yaşayan Borclu1 və Bakı şəhəri, Azadlıq prospekti 60, İnzibati binada yaşayan X1 müştərək qaydada kreditor Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 50/14 ünvanında yerləşən “Sunny Electronics” mağazasında sahibkarlıq fəaliyyəti göstərən kreditor Tələbkar xeyrinə 1200 manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş 21 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. -Maraqlı şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-35-26/2-110099/2025 sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-623/2015 saylı icra sənədi üzrə icra işi materiallarında ödənişlə bağlı məlumat aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Həmçinin sözügedən Qərarda qeyd olunmuşdur ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülkihüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. indeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mulkı Prosessual Məcəllənin 233.1-cı maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanununun 2-ci maddəsinə əsasən, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. ““İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı. İşin faktiki hallarından müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-623/2015 saylı məhkəmə əmrinə ilə borclular Borclu2 və Borclu1 cəmi 1221 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi müəyyən edilmişdir. Hazırda tələbkar ödənilməli olan 1221 manat məbləğində pulun indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Sözügedən məhkəmə əmri icra olunması üçün göndərilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-623/2015 saylı məhkəmə əmri üzrə borclular tərəfindən hər hansı bir ödəniş edilmədiyi müəyyən edilmişdir. Bu Maraqlı şəxs2 tərəfindən verilmiş borcun ödənilməməsi barədə məktubunda da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatora əsasən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-623/2015 saylı məhkəmə əmrinin icraya yönəldiyi tarixdən səviyyəsi 201.5 faiz artmışdır. Belə olduğu təqdirdə ödənilməli olan 1221 manat məbləğində pulun indeksasiyası aşağıdakı kimi hesablamalıdır: 1221 manat x 201.5 : 100 = (2460.315 manat) ≈ 2460.32 manat 2460.32 + 1221 manat = 3681.32 manat Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-623/2015 saylı məhkəmə əmri ilə ödənilməli olan 1221 manat pul vəsaitinin indeksasiyası aparılmalı, indeksasiya əsasında müəyyən edilmiş 3681.32 manat borc vəsaiti borclular Borclu2 və Borclu1 müştərək qaydada tutularaq Tələbkar verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-623/2015 saylı məhkəmə əmri ilə müəyyən olunmuş ödənilməli olan 1221 manat məbləğində pul vəsaitinin 201.5 faiz həddində indeksasiyası aparılsın. İndeksasiya əsasında müəyyən edilmiş 3681.32 manat məbləğində pul vəsaiti borclular Borclu2 və Borclu1 müştərək qaydada tutularaq ərizəçi (tələbkar) Tələbkar verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar