Məhkəmə qərarları › İş №8(012)-66/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-66/2024

14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-66/2024 14.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Tələbkar və onun nümayəndəsi Nümayəndə1, Borclu və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qubadlı rayon Məhkəməsinin e-2(028)-355/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Tələbkar xx.xx.2018-ci il təvəllüdlü Nümayəndə1 Ziya oğlu və xx.xx.2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 10:00-dan axşam 18:00-a qədər ana Borclu (yaxud etibarnamə verdiyi şəxsin) iştirakı ilə ünsiyyət hüququ verilməlidir. xx.xx.2024-cü il tarixdə icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı rayon Məhkəməsinin e-2(028)- 355/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü Nümayəndə1 Ziya oğlu və xx.xx.2020-ci il təvəllüdlü X1 ataları Tələbkar hər həftənin şənbə günü saat 10:00-dan axşam 18:00-a qədər ana Borclu (yaxud etibarnamə verdiyi şəxsin) iştirakı ilə ünsiyyət hüququ verilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Ona görə də Abşeron rayonu, Saray qəsəbəsi, M.F.Axundov 7 ünvanında yaşayan Borclu barəsində onun Abşeron rayon İcra və Probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında, yəni, saat 09:00-dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron rayon Polis şöbəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu nümayəndəsi Nümayəndə2 təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra şöbəsindən borcluya heç bir məlumat, bildiriş verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Tələbkar nümayəndəsi Nümayəndə1 təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, bundan əvvəl də ata ilə övladlarının görüşü üçün 3 saat ayrılmışdı. Lakin 2-3 həftədə bir dəfə 30-40 dəqiqə görüşə bilirdi. Qarşı tərəf qətnamə tələb edirdi. Qətnamə qəbul edildikdən sonra yalnız aliment tələb edirdilər, görüşə imkan vermirdilər. İddia edirdilər ki, uşaqları oğurlaya bilərik. Təqdimatı vermiş icra məmuru məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. İcra orqanı təqdimata icraata başlamaq haqqında qərarın və bildirişin surətini əlavə etsə də bildirişin borcluya çatması barədə və digər aparılmış zəruri icra tədbirləri barədə sənədlərini məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində, müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci və “İcra haqqında” Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar