Məhkəmə qərarları › İş №8(012)-665/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-665/2025

03.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-665/2025 03.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayonu 2 saylı Notariat ofisinin 8İ-4239 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 10358,15 manat pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il tarixdə anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, onun icraatında olan Abşeron rayonu 2 saylı Notariat Kontorunun 8İ-4239 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 10358,15 manat pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya şəxsən təqdim edilmişdir. Könüllü icra müddətinin bitməsinə və borcluya edilən xəbərdarlıqlara baxmayaraq o, icra sənədi üzrə borcundan, ümumiyyətlə, ödəniş etməmiş, şöbəyə dəvət edilərək, hətta bununla əlaqədar izahat verməkdən imtina etmiş və cari tarixə qalıq borcu olduğu kimi, yəni 10358,15 manat qalmışdır. İcra sənədinin icrasını təmin etmək üçün borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilməmişdir. Beləliklə, hesab edir ki, ilk növbədə icra sənədinin icrasını təmin etmək və gələcəkdə borclu tərəfindən ölkəni tərk etmək ehtimalının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Belə ki, borclunun gələcəkdə ölkəni tərk etməsi icra sənədinin icra olunmasında ciddi maneələr yarada və tələbkar tərəfin qanunla qorunan manafelərinin pozulması ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Abşeron rayonu 2 saylı Notariat ofisinin 8İ-4239 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1998-ci il təvəllüdlü, İmişli şəhəri, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron rayonu 2 saylı Notariat ofisinin 8İ-4239 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1998-ci il təvəllüdlü, İmişli şəhəri, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar