Məhkəmə qərarları › İş №8(012)-668/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-668/2022

25.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-668/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-borclu X2, Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi-borclu X2 Abşeron Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli e-2(012)- 2980/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli e-2(012)-2980/2022 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, X1 elektrik enerjisindən istifadəyə görə 2146.54 manat dəymiş ziyan və 41.86 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2188.40 manat pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli e-2(012)-2980/2022 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ərizəçi-borclu X3 ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli e-2(012)-2980/2022 saylı qətnaməsinin hər ay 150 manat olmaqla hissə-hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həyat yoldaşı vəfat etmiş, ailənin yeganə gəlir mənbəyi ondan asılıdır. Aylıq əmək haqqı 500 manatdır və bu səbəbdən ailənin bütün xərclərini təkbaşına ödədiyi üçün maddi cəhətdən çıxılmaz vəziyyətdədir. Odur ki, qət edilən 2188.40 manat pul vəsaitini birbaşa ödəməyə imkanı yoxdur. Ona görə də ərizənin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçi-borclu X3 ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu hər ay 150 manat olmaqla hissə-hissə ödəmək imkanına malik olduğunu bildirmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İşin məhkəmə iclasında araşdırılması zamanı Abşeron Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli e-2(012)-2980/2022 saylı qətnaməsinin icrasına əngəl törədən və borclu X3 üçün əlverişsiz olan hallar öz təsdiqini tapmamış və məhkəmə borclunun ərizəsində istinad etdiyi halları qətnamənin hissə-hissə icrası üçün müstəsna hal kimi qəbul etməməklə yanaşı, tələbkarın mənafeyini nəzərə alaraq ərizənin rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, icra sənədinin hissə-hissə icra edilməsi barədə tələbkarın razılığının olmaması və icra sənədinin hissə-hissə icra edilməsi tələbkarın icra müddətini uzun müddət ərzində gözləyəcəyi ilə nəticələnəcəyindən ərizə əsassızdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndinə əsasən, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi-borclu X2 Abşeron Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli e-2(012)- 2980/2022 saylı qətnaməsinin hər ay 150 manat olmaqla hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar