Məhkəmə qərarları › İş №8(012)-677/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-677/2022

16.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-677/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, X1, Maraqlı şəxs icra məmuru X14 iştirakları ilə, X1 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin məcburi aparılmasının icra məmuruna tapşırılması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1507/2020 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Borclu ilə X6 arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış 23 №-li akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anası X3 yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin iddiaçı X3 xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1507/2020 saylı qətnaməsi qanuni qüvvəsini almış və alimentlə bağlı hissədə icra edilməsi üçün dərhal xx.xx.2020-ci il tarixdə Maraqlı şəxsnə icraya yönəldilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-532/2021 saylı icra sənədindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə, 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(105)-46/2022 saylı qərardadından görünür ki, Maraqlı şəxs icra məmuru X14 ərizəsi təmin edilmiş, “Abşeron rayon Məhkəməsinin icra sənədinə əsasən, tutulmalı olan alimentin məbləğinin Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi günə qədər, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrə hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat tutulmalı, xx.xx.2021-ci il tarixdən isə hər bir uşaq üçün 100 manat olmaqla 300 manat aliment tutulmalı” olması kimi başa düşülməsi qərara alınmışdır. X2 şikayət ilə məhkəməyə müraciət edərək, icra məmurunun 2(012)-1507/2020 saylı mülki iş üzrə məhkəmə qətnaməsinin tələblərini yerinə yetirməməsi, yəni icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, məhkəmə qətnaməsinin yerinə yetirilməsi, yəni 13000 manatdan artıq ödənilməyən alimentin borcludan alınıb ona verilməsi və borclunun ona qaytarmaqdan imtina etdiyi 2 övladı - xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X9 ona qaytarılması üçün icra hərəkətlərinin məcburi aparılmasının icra məmuruna tapşırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1507/2020 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qətnamə aliment hissəsində dəyişdirilmiş, hər uşağa görə aliment məbləği hər ay 100 manat olmaqla, cəmi 300 manat müəyyən olunmuşdur. Bu günə qədər Borclu məhkəmə qətnaməsini yerinə yetirməkdən boyun qaçırır, 13000 manata qədər ödənilməmiş aliment borcu vardır. Bundan başqa, borclu 2 övladını da qaytarmaqdan imtina etmişdir. Dəfələrlə, o, bu barədə icra məmuru Vadim Əliyevə müraciət etsə də, bir nəticəsi olmamışdır. Borclu məhkəmə qətnaməsini yerinə yetirməməsi və 2 övladını ona qaytarmaması ilə əlaqədar İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət etmişdir. Sonradan o, Maraqlı şəxsnə müraciət etmiş və icra məmuru ona uşaqların qaytarılması haqqında məhkəmə qətnaməsi olmadığından yenidən məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Hesab edir ki, icra məmurunun bu cavabı qanuna ziddir, çünki qətnamədə aydın surətdə 3 uşağın onunla qalması qeyd olunmuş və buna görə də əlavə məhkəmə qətnaməsinə ehtiyac yoxdur. İcra məmuru məhkəmə qərarını həm alimentlə bağlı, həm də borclu tərəfindən oğurlanmış 2 övladını ona qaytarmaq, məhkəmə qətnaməsini icra etmək üçün məcburi qaydada bu hərəkətləri yerinə yetirməli olduğu halda, hərəkətsizlik edir və ondan qanunsuz məhkəmə qətnaməsi tələb edir. Ona görə də şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi ilə uşaqların onun yanında saxlanılması qət edilsə də, məhkəmə qətnaməsi icra məmuru tərəfindən yalnız alimentlə bağlı həyata keçirilir. 2(012)-1507/2020 saylı mülki işi üzrə Qəyyumluq Komissiyasının rəyi də mövcuddur. Bir uşağı ondadır, iki uşaq isə borclu tərəfindən aparılmış və həmin uşaqlar borclu tərəfindən öyrədilmişdir. Borclu alimentin ödənilməsini də təmin etmir. Həmçinin, borclu onun uşaqlarını axtarmadığını qeyd etsə də, bu, həqiqətə uyğun deyildir. Belə ki, o, dəfələrlə uşağı borcludan istəmiş, lakin borclu uşaqları ona verməmişdir. Eyni zamanda, o, uşaqları könüllü şəkildə borcluya verməmişdir. Borclu uşaqları təhsildən yayındırır, məktəbə davamlı şəkildə uşaqlar getmir, həmçinin, uşaqlar ona qarşı da öyrədilmiş olur. Ümumilikdə, onun icra məmurunun alimentlə bağlı hərəkətlərindən narazılığı yoxdur, əsas tələbi uşaqların ona qaytarılmasının təmin edilməsidir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iştirak etmiş Borclu şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, uşaqların biri birinci sinifdə, digər uşaq isə üçüncü sinifdə oxuyur, uşaqlara 3 ildir ki, o, baxır. Tələbkar uşaqlar böyüyəndən sonra onları tələb edir. Aliment ödənişi artmış, təxminən 14000 manat borc yaranmışdır. Aliment ödənişi ilə bağlı icra sənədini icra etmədiyindən həbsdə olmuş, eyni zamanda, maddi imkanı olmadığından aliment ödəyə bilməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X19 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Maraqlı şəxs icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə dair verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qeyd edilmişdir. Eyni zamanda, icraatda olan Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay cəmi 510 manat sabit pul məbləğində aliment ödənilməlidir. İcra sənədləri xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlanılmışdır. İcra sənədlərinin icrası ilə bağlı borclu dəfələrlə icra şöbəsinə dəvət olunmuş, ona icra sənədinin icrasının vacibliyi diqqətinə çatdırılmaqla alimentin ödənilməsi tələb edilmişdir. Borclu xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli izahatlarında 2 uşaq onun yanında olduğundan aliment ödəmədiyini bildirmişdir. Bununla yanaşı, tələbkar xx.xx.2021-ci il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, Rasim və Amin adlı uşaqların borclu tərəfindən qanunsuz olaraq ondan alındığını bildirmişdir. Borclu icra məmurunun çağırışlarına məhəl qoymadığından, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunan tarixdə icra şöbəsinə gəlməməklə icradan yayındığı üçün onun barəsində xx.xx.2021-ci il tarixli axtarış qərarı qəbul olunaraq icra olunması üçün Laçın rayon Polis şöbəsinə göndərilmişdir. xx.xx.2022ci il tarixdə borclu Laçın Rayon Polis Şöbəsinin polis əməkdaşı tərəfindən Maraqlı şəxsnə təhvil verilmiş, həmin tarixə borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, protokol tərtib olunmaqla Abşeron rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə borclu 10 gün inzibati həbs olunmuşdur. Borclu barəsində digər məcburi icra tədbirlərinin görülməsi üçün aliment üzrə yaranmış borc məbləğinin dəqiq hesablanması zərurəti yaranmışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, borclu barəsində olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 532/32021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən (icra sənədi üzrə xx.xx.2021-ci il tarixdən), Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə dair verilmiş icra sənədində isə alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanması qeyd olunmuşdur. Bundan başqa, tələbkar xx.xx.2022-ci il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, aliment məbləğinin düzgün hesablanmaqla borcun tam şəkildə ödənilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş etmişdir. İcra sənədlərində alimentin hesablanması tarixlərində uyğunsuzluq olduğu üçün icra məmuru tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı qətnaməsinə izah verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət olunmuşdur. Bundan sonra, borclunun işlə təmin olunması məqsədilə X11 X7 filialına müraciət olunmuş, xx.xx.2022-ci il tarixli cavab məktubunda filial əməkdaşının borclu ilə əlaqə saxladığı, danışıq zamanı vətəndaşın səhhəti ilə bağlı hal-hazırda işləyə bilməyəcəyini bildirmişdir. Bundan başqa, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2022-ci il tarixli təqdimatla müraciət olunmuş, Abşeron rayon Məhkəməsinin 8(012)-607/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməklə borclunun ölkədən getmək hüququnun borc məbləği ödənilənə kimi məhdudlaşdırılması qərara alınmışdır. Ayrı-ayrı vaxtlarda “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, lakin adına iş yeri (gəlir) və ya əmlak aşkar edilməmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-19/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə borclu Cinayət Məcəlləsinin 177.2, 177.2.2, 177.2.3-cü maddələri üzrə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda, icra sənədləri üzrə borclunun cinayət məsuliyyətinə cəlb olunması istiqamətində icra tədbirləri davam etdirilir. İcra məmuru olaraq onun tərəfindən icra tədbirlərinin həyata keçirilməsi təmin edilmişdir. Ona görə də borclunun şikayətinin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin şikayətlə bağlı münasibətini, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 62 saylı rəyindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı mülki işi üzrə Komissiya üzvləri hər iki tərəfi dinlədikdən sonra azyaşlıların hüquq və mənafelərini, onlara daha çox ana qayğısı, ana nəvazişi lazım olduğunu əsas götürərək, xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anası X3 himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. -Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-532/2021 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün borcluya göndərilmişdir. -Borclu Maraqlı şəxsndə verdiyi xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, borclu uşaqlar onda olduğu halda alimentin yığıldığını, uşaqların analarına verilməsinə dair məhkəmə aktı olmasına baxmayaraq, analarının uşaqları götürmədiyini, icra sənədindən məlumatlı olsa da, aliment ödənişi etmədiyini bildirmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-447/2022 saylı qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 10 gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, məhkəmə zalında həbs edilməklə inzibati həbs etmənin əvvəlinin xx.xx.2022-ci il, saat 18:15-dən hesablanması, qərarın icrasının Abşeron rayon Polis idarəsinə həvalə edilməsi qərara alınmışdır. -X11 Maraqlı şəxsnə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Borclu Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Məşğulluq altsistemində qeydiyyatı aşkarlanmamışdır. Müraciətin araşdırılması məqsədilə Filial əməkdaşı tərəfindən vətəndaşla əlaqə saxlanılmış, danışıq zamanı vətəndaş səhhəti ilə əlaqədar hazırda işləyə bilməyəcəyini bildirmişdir. Gələcəkdə müraciət edəcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1992-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Laçın rayonu, Qarıkaha kəndində qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün Laçın rayon Polis Şöbəsinə göndərilmişdir. Qərardan daha sonra görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə Borclu yaşadığı yeri müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, borclunun istifadəsində olan (070)-923-00-41 nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış və sms-bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və olduğu yeri barədə məlumat verməkdən imtina etmişdir. -Laçın rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mülki hüquqi öhdəliklərin icrasından yayınan Borclu barəsində 610278 saylı axtarış işi açılmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-607/2022 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, icra vərəqəsinin icrasını təmin etmək məqsədilə xx.xx.1992-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Laçın rayonu Qarıkaha kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmışdır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1507/2020 saylı icra sənədinə əsasən, tələbkar X6 ilə Borclu nikahı pozulmuş, birgə nikahdan anadan olmuş azyaşlıların tələbkarın yanında qalması və uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 532/2021 saylı icra sənədinə əsasən isə uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hər ay hər bir uşaq üçün 100 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərilmişdir. Şikayətin məzmunundan və tərəflərin izahatından göründüyü kimi, tərəflərin birgə nikahlarından anadan olmuş azyaşlı uşaqların ikisi tələbkarın iradəsi əleyhinə olaraq borclu tərəfindən alındığından və hazırki müddətədək uşaqlar borclunun yanında qaldığından tələbkar mülki iş üzrə çıxarılmış məhkəmə aktının həmin hissədə icra edilməməsinə görə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu barədə məcburi icra tədbirlərinin görülməsinə dair şikayət ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Şikayət və şikayətə əlavə olunmuş sənədlərdən göründüyü kimi, X2 ilə Borclu nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edilmiş və həmin məhkəmə aktının alimentlə bağlı icrası Maraqlı şəxs icra məmuru X19 tərəfindən həyata keçirilmişdir. Belə ki, 2(012)- 1507/2020 saylı mülki işi üzrə məhkəmə araşdırması zamanı cavabdeh uşaqların ananın yanında qalmasına etiraz etsə də, məhkəmə Qəyyumluq Komissiyasının rəyini, uşaqların yaşını, mənafeyini, anasına bağlılığını nəzərə alaraq, azyaşlıların ananın yanında qalması qənaətinə gəlmişdir. Beləliklə də, borclunun tələbkarın iradəsi əleyhinə uşaqları aparması icra məmurunun səlahiyyətlərinin icra edilməməsinə görə şikayətin verilməsi üçün deyil, tələbkar tərəfindən “uşaq tələbi”nə dair müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə əsas yaratmışdır. Həmçinin, şikayətin məzmunundan və icra məmurunun izahatından müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Beləliklə də, Maraqlı şəxs qərarına əsasən, icra sənədləri üzrə icraata başlanılmış, borclunun icra şöbəsində izahatı alınmış, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarına əsasən, borclu barəsində axtarış elan edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-447/2022 saylı qərarı ilə borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 10 gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(012)-607/2022 saylı qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Eyni zamanda, borclu barəsində kompüter məlumat çıxarışından məlum olur ki, borclunun adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında tərəflərin izahatını və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə əsas olan hallar müəyyən olmadığından şikayət əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: X1 icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin məcburi aparılmasının icra məmuruna tapşırılması barədə şikayəti təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar