Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-688/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Borclu və onun nümayəndəsi-vəkili Vəkil, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 iştirakları ilə, Borclu icra sənədi üzrə icra üsulunun dəyişdirilərək aliment borcunun silinməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1507/2020 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Borclu ilə X5 arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış 23 №-li akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 anası X2 yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1507/2020 saylı qətnaməsi qanuni qüvvəsini almış və alimentlə bağlı hissədə icra edilməsi üçün dərhal xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə icraya yönəldilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-532/2021 saylı icra sənədindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə, 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(105)-46/2022 saylı qərardadından görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 ərizəsi təmin edilmiş, “Abşeron rayon Məhkəməsinin icra sənədinə əsasən, tutulmalı olan alimentin məbləğinin Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvəyə mindiyi günə qədər, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrə hər uşaq üçün 170 manat olmaqla, cəmi 510 manat tutulmalı, xx.xx.2021-ci il tarixdən isə hər bir uşaq üçün 100 manat olmaqla 300 manat aliment tutulmalı” olması kimi başa düşülməsi qərara alınmışdır. Borclu şikayət ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə icra üsulunun dəyişdirilməsi, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün nəzərdə tutulmuş aliment məbləğinin uşaqların tələbkara faktiki verildiyi gündən hesablanması, habelə, hazıradək icra şöbəsi tərəfindən Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ötən dövr üzrə 16 ay 8 gün üçün qanunsuz hesablanmış 8568 manat aliment borcundan 5712 manat borc məbləğinin, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 532/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixdən hazıradək ötən dövr üzrə 15 aya görə qanunsuz hesablanmış 4500 manat aliment borcundan 3000 manat olmaqla, ümumilikdə, 8712 manat aliment borcunun silinməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu Abşeron rayon Məhkəməsinin 2(012)- 1507/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, qətnamə alimentin tutulması hissəsində dəyişdirilərək hər uşağa hər ay 100 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin qətnamədə alimentin yeni məbləğdə hesablanmalı olduğu tarix kimi qətnamənin qanuni qüvvəyə mindiyi gün qeyd edilmişdir. Sonuncu icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. Bundan başqa, icra sənədləri üzrə alimentin tutulmalı olduğu müddətlə bağlı məhkəmə aktı mövcuddur. Abşeron rayon Məhkəməsinin 2(012)- 1507/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, nikah pozulmamışdan öncə, yəni faktiki nikah münasibətləri pozulduğu vaxtdan hal-hazıradək tələbkarla birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X13 borclunun himayəsində olmuş və hazırda da himayəsindədir. Onların saxlanılmasını borclu təkbaşına təmin edir. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci təvəllüdlü X14 isə anasının himayəsində qalmış və hazırda da onun himayəsindədir. Dəfələrlə borclunun himayəsində olan uşaqların analarının himayəsinə verilməsi istiqamətində tədbirlər görülmüş, lakin məcburi icra tədbirləri nəticə verməmişdir. Belə ki, himayədə olan uşaqlar daimi olaraq borclunun himayəsində yaşamağı üstün seçmişlər. Nəticə etibarı ilə, hər iki icra sənədi üzrə uşaqların saxlanılması üçün nəzərdə tutulmuş aliment məbləği qanunsuz olaraq böyük məbləğdə borc kimi hesablanmışdır. Hesab edir ki, hər iki icra sənədi üzrə X6 və X1 üçün hesablanmış aliment məbləği icra məmuru tərəfindən qanunsuz olaraq hesablandığından silinməlidir. Belə ki, həmin uşaqlar borclunun himayəsində olduğundan və onların saxlanılması ilə bağlı bütün xərcləri borclu təmin etdiyindən təkrar və əlavə olaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment hesablanmamalı, aliment məbləği uşaqlar tələbkara verildiyi tarixdən etibarən hesablanmalıdır. Uşaqların saxlanılması üçün hesablanmış alimentin borcludan məcburi icra qaydasında tutulması borclunun və himayəsində olan uşaqların qanunla qorunan mənafelərinə ziddir. Dəfələrlə qeyd olunanlarla bağlı icra məmuruna müraciətlər edilsə də, heç bir müsbət nəticə verməmiş və buna görə də borclu qeyd olunan məsələ ilə bağlı müvafiq dövlət qurumlarına, habelə, televiziya verilişində iştirak etməklə məsələni ictimailəşdirməyə məcbur olmuşdur. Hesab edir ki, alimentin hesablanması vəzifəsi diskresion səlahiyyət olaraq icra məmurunun vəzifəsi olduğundan icra məmuru alimenti hesablayarkən uşaqlardan ikisinin borclunun himayəsində olmasını nəzərə almalıdır. Ona görə də şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi icraya yönəldilməmişdən öncə uşaqlar borclunun himayəsində olmuşdur. Qətnamə çıxarılan zaman isə tələbkarın himayəsində olmuşdur. Eyni zamanda, tələbkar uşaq tələbinə dair müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla belə, hazırki müddətə qədər uşaqlar borclunun himayəsindədir. Məhkəmə iclasında Borclu şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, tələbkar ilə birgə nikahından anadan olmuş azyaşlı uşaqlardan ikisi onun himayəsindədir və tələbkar yalnız alimenti tələb etməklə uşaqları ondan istəməmişdir. Həmçinin, o, məhkəmə qətnaməsindən narazı qaldığı üçün apelyasiya şikayəti vermiş, bununla yanaşı, məhkəmə araşdırması zamanı Qəyyumluq Komissiyasının verdiyi rəy ilə razılaşmayaraq yenidən qəyyumluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2(012)-1507/2020 saylı mülki işi üzrə məhkəmə iclasından bir həftə sonra borclu uşaqları ondan qaçırtmış, polisin yardımı ilə üçüncü uşağını ala bilmişdir. Uşaqları dəfələrlə borcludan tələb etməsinə baxmayaraq, borclu uşaqları ona verməmişdir. Uşaqları istədikdə dəfələrlə ona maneə olunmuşdur. İlk dəfə, telefonla əlaqə saxlamış və təhqir edildiyi üçün borclunun telefon nömrəsini qara siyahıya almaqla zəngi əngəlləmişdir. O, uşaqları könüllü şəkildə verməmiş, borclu məcburi şəkildə ondan almışdır. Hazırda, onun 3-cü sinifdə oxuyan oğlu 1-ci sinifdə oxuyan oğlu ilə eyni proqram təhsilini alır. Həmçinin, uşaqlar təlim-tərbiyədən kənar qalmış, söyüşlə danışır və ona “ana” deyil, “Günay” deyə müraciət edirlər. Halbuki, onun yanında olan övladı borcluya “ata” deyə müraciət edir. Borclunun öz himayəsində saxladığı uşaqların təlim-tərbiyəsi göz qabağındadır. Borclu evlənmək istəyirsə, buna o, etiraz etmir. Əsas odur ki, borclu uşaqları ona versin və alimentin ödənilməsini təmin etməsin. Borclu alimenti verməməyə görə uşaqları öz yanında saxlayır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X18 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəmə aktı əsasında verilmiş icra sənədinə əsasən, tərəflərin birgə nikahlarından anadan olmuş 3 uşağın saxlanılması üçün alimentin tutulması müəyyən olunmuşdur. İcra sənədi ilə uşaqların borcludan alınıb tələbkara verilməsi məsələsi öz əksini tapmadığından icra məmuru olaraq yalnız aliment məsələsini icra edir. Həmçinin, borclu azyaşlı uşaqlardan ikisinin onun himayəsində olduğunu qeyd edərək ərizə ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Əgər tərəflər qarşılıqlı razılığa gələrsə uşaqlar tələbkara təhvil verildiyi halda tələbkar ərizə ilə icra şöbəsinə müraciət etməlidir. Borclu icra sənədini icra etmədiyindən hazırda, onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Laçın rayon Təhsil şöbəsi 9 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 58 saylı və 59 saylı arayışlardan görünür ki, X4 rayonu 9 nömrəli tam orta məktəbin 1-ci sinfində, X11 isə həmin məktəbin 3-cü sinfində təhsil alır. -Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi bina 10-da yaşayan qonşular Möhübbət Aydınov, İmran Şükürov, Ruhiyyə Şükürova, Elşad Ələkbərov, Zibeydə Ələkbərova tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən də bina 10 mənzil 60 ünvanında yaşayan Laçın rayonundan məcburi köçkün Borclu həyat yoldaşından məhkəmə qərarı ilə boşandığı müddətdən indiyə qədər övladları X9 və X10 yaşadığı ünvanda özü saxlayır və bütün ehtiyaclarını özü qarşılayır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(012)-447/2022 saylı qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 10 gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, məhkəmə zalında həbs edilməklə inzibati həbs etmənin əvvəlinin xx.xx.2022-ci il, saat 18:15-dən hesablanması, qərarın icrasının Abşeron rayon Polis idarəsinə həvalə edilməsi qərara alınmışdır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1507/2020 saylı icra sənədinə əsasən, tələbkar X5 ilə Borclu nikahı pozulmuş, birgə nikahdan anadan olmuş azyaşlıların tələbkarın yanında qalması və uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 532/2021 saylı icra sənədinə əsasən isə uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hər ay hər bir uşaq üçün 100 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərilmişdir. Şikayətin məzmunundan və tərəflərin izahatından göründüyü kimi, tərəflərin birgə nikahlarından anadan olmuş azyaşlı uşaqların ikisi borclunun himayəsində olduğundan, borclu onun himayəsində qalan uşaqların saxlanılması üçün ondan tutulmalı olan aliment ödənişinin silinərək qətnamənin icra üsulunun dəyişdirilməsinə dair şikayət ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin: 15.1. maddəsinə əsasən, məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Şikayət və şikayətə əlavə olunmuş sənədlərdən göründüyü kimi, Tələbkar ilə Borclu nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edilmiş və həmin məhkəmə aktının alimentlə bağlı icrası Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X18 tərəfindən həyata keçirilmişdir. Belə ki, 2(012)-1507/2020 saylı mülki işi üzrə məhkəmə araşdırması zamanı cavabdeh uşaqların ananın yanında qalmasına etiraz etsə də, məhkəmə Qəyyumluq Komissiyasının rəyini, uşaqların yaşını, mənafeyini, anasına bağlılığını nəzərə alaraq, azyaşlıların ananın yanında qalması qənaətinə gəlmişdir. Beləliklə, borclunun tələbkarın iradəsi əleyhinə uşaqları aparması və uşaqları öz himayəsində saxlaması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment ödənişinin edilməsindən azad edilməsi üçün əsas deyildir. Həmçinin, şikayətin məzmunundan və icra məmurunun izahatından müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Göründüyü kimi, azyaşlı uşaqların borclunun himayəsində qalmasına dair məhkəmə aktı olmadığından mülki iş üzrə qanuni qüvvəsini almış Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-1507/2020 saylı qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-532/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin silinməsinə əsas mövcud deyildir. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə aktları əsasında tələbkarın himayəsində saxlanılması müəyyən edilmiş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması qət edildiyindən, məhkəmə aktını icra etmək həmin icra sənədi üzrə tərəflərin, məhkəmə aktının icrasını həyata keçirmək icra məmurunun və nəhayət, məhkəmə aktının icrasına nəzarəti həyata keçirmək isə həmin aktı qəbul edən orqanın vəzifəsi olduğundan şikayət əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında tərəflərin izahatını və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı icra sənədi üzrə alimentin silinərək icra üsulunun dəyişdirilməsi əsasları müəyyən edilmədiyindən şikayət əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Borclu icra sənədi üzrə icra üsulunun dəyişdirilərək aliment borcunun silinməsi barədə şikayəti təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-688/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-688/2022
17.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver