Məhkəmə qərarları › İş №8(012)-702/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-702/2022

16.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-702/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi , Borclu, Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3072/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 3757 manat pul vəsaiti və 60,76 manat dövlət rüsumunun tutularaq Tələbkar MMC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsində yerləşən 0,0162 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3072/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 3757 manat pul vəsaiti və 60,76 manat dövlət rüsumunun tutularaq tələbkar “ABC-TELECOM" MMC-yə ödənilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin hazırkı günədək icra sənədi üzrə tələb könüllü olaraq borclu tərəfindən təmin edilməmişdir. Belə olan halda məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində Abşeron rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsində yerləşən 0,0162 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, onun Abşeron Rayon Məhkəməsinin 2(012)-3072/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən xəbəri olmamışdır. O, Tələbkar MMC-nin 10 illik müştərisidir və şirkətə 100 manat ödəniş etmişdir. Onun aylıq əmək haqqısı 200 manat təşkil edir. Odur ki, maddi imkanı aşağı olduğundan o, aya 100 manat ödəniş edə bilər. Tələbkar MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Abşeron rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi ərazisində yerləşən 0,0162 ha torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3072/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi ərazisində yerləşən 0,0162 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi ərazisində yerləşən 0,0162 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar