Məhkəmə qərarları › İş №8(012)-752/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-752/2025

22.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-752/2025 22.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli əmri ilə müəyyən edilmiş borc məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xxx saylı, 30 yanvar 2015-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 930 manat pul məbləğinin indeksləşdirilib 2015-ci il yanvar ayından 2025-ci il oktyabr ayınadək 204,30 faiz artımı (930 AZN x 204,30 % = 1899,99 AZN) nəzərə alaraq, cəmi 2829,99 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xxx saylı, 30 yanvar 2015-ci il tarixli məhkəmə qərarına əsasən borclular Borclu1 və Borclu2 cəmi 930 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsə idilər, tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il oktyabr ayında 2015-ci il yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 204,30 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,0 dəfə artmışdır. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, iş çoxluğu ilə əlaqədar üzürlü səbəbdən iş üzrə məhkəmə iclasında iştirak edə bilməməsinin, həmçinin iş üzrə zəruri sənədlərin ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmasının nəzərə alınıb işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq borclular Borclu1, Borclu2 və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Abşeron, Pirəküşkül kəndində qeydiyyatda olan Borclu1 və xx.xx.1984-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Cəbrayıl rayonu, S.Vurğun küçəsi, ev 46-da qeydiyyatda olan Borclu2, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 50/14, “Sunny Electronics” mağazası ünvanında yerləşən kreditor Tələbkar xeyrinə əsas borc üzrə 909 manat, 21 manat dövlət rüsumu, cəmi 930 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. İş materiallarında olan “Sunny Electronics” mağazası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10855 nömrəli maliyyə arayışından görünür ki, Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli məhkəmə qərarına əsasən borclular Borclu1 və Borclu2 cəmi 930 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmış, lakin məhkəmə qərarından sonra ödəniş olunmamışdır. Məhkəmə iş materiallarını və işin faktiki hallarını tədqiq edərək hesab edir ki, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli əmri ilə müəyyən edilmiş borc məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulma pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdınlməsı haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasıya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. ““İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 avqust 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi. əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra usulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. ““Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla, birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir, inflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə" dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülkihüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. indeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mulkı Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. indeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdırilməsi haqqında" Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır, istehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. İşin faktiki hallarından müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə borclular Borclu1 və Borclu2 cəmi 930 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi müəyyən edilmişdir. Sözügedən məhkəmə əmri icra olunması üçün göndərilmiş, lakin Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri üzrə borclular tərəfindən hər hansı bir ödəniş edilmədiyi müəyyən edilmiş və bu fakt iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapmışdır. Hazırda Tələbkar ödənilməli olan 930 manat məbləğində pulun indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatora əsasən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin icraya yönəldiyi tarixdən, səviyyəsi 204,3 faiz artmışdır. Belə olduğu təqdirdə ödənilməli olan 930 manat məbləğində pulun indeksasiyası aşağıdakı kimi hesablamalıdır; 930 manat x 204,3 : 100 ≈ 1899,99 manat; 1899,99 + 930 manat ≈ 2829,99 manat. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə ödənilməli olan 930 manat pul vəsaitinin indeksasiyası aparılmalı, indeksasiya əsasında müəyyən edilmiş 2829,99 manat borc borclular Borclu1 və Borclu2 müştərək qaydada tutulub Tələbkar verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xxx saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə ödənilməli olan 930 manat pul vəsaitinin 2025-ci ilin oktyabr ayınadək indeksasiyası aparılsın və indeksasiya məbləği 1899,99 manat məbləğində müəyyən edilsin. Əsas borc məbləği və indeksasiya məbləği nəzərə alınmaqla, 2829,99 manat borclular Borclu1 və Borclu2 müştərək qaydada tutularaq Tələbkar verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar