Məhkəmə qərarları › İş №8(012)-784/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-784/2022

07.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-784/2022 07.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X19 Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İcra məmuru Kənan Abdullayevin, Tələbkar, X2 vəkili-nümayəndəsi X4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdehlər X13, X15, X14 və X5 iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasında qeyd edilən halların müəyyən çətinlik və anlaşılmazlıqlar yarandığı üçün həmin qətnaməyə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəmədə izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X13, X15, X14 və X9 Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə həmin mənzildə olan zaman həmin ünvanda borclulardan X13 mənzildən çıxmasına etiraz etməmiş, lakin mübahisə predmeti olan mənzildə icra vərəqəsində adı qeyd edilməyən və iş üzrə tərəf olmayan şəxsin yəni, həyat yoldaşı X6 həmin mənzildə yaşadığını bildirmiş və Rəna Hacıyevanın həmin mənzildən çıxarılmalı olmadığını qeyd etmişdir. Öz növbəsində Rəna Hacıyeva mənzildən çıxarılmasına etiraz etmişdir. Tələbkar isə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnizbati Ərazi X7 həmin mənzildə yaşayanlarla bağlı verdiyi xx.xx.2022-ci il tarixli 863 saylı arayışında X6 adının qeyd olunmadığını bildirirək mənzilin tam boşaldılmasını və təhvil verilməsini tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində faktiki olaraq həmin mənzildə yaşayan və iş üzrə tərəf olmayan digər şəxsin həmin mənzildən çıxarılmasını məhkəmə tərəfindən bir tələb kimi göstərilmədiyindən icra sənədinin icra olunmasında bir sıra çətinliklər yaranmış və bu çətinlik icra sənədinin icra olunmasına maneçilik törətmiş, həmçinin tələbkar tərəfin narazılığına səbəb olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində təsbit olunur ki, icra sənədlərində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə belə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən, o, ərizənin təmin edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, X6 adı Abşeron Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilməmişdir və hazırki mübahisə üzrə tərəf deyildir. Lakin X1 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxmır. Odur ki, o, mənzilin boşaldılmasını və təqdimatın təmin edilməsini xahiş etdi. X2 vəkili-nümayəndəsi X11 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə ehtiyac yoxdur. İddiaçının tələbi əsasında qətnamə çıxarılmışdır. X10 ilə X13 qaçqın olaraq Zəngilandan birlikdə gəlmişlər. Borclular sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxmağa etiraz etmirlər. Odur ki, borclu X13 qətnamədə göstərilən şəxslərin mənzildən çıxarılmağına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda qətnamənin izah olunmasına yol verilir. Belə ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi aydın, anlaşılan qaydada yazılmışdır. Məhkəmə həmin qətnamədə iddia tələbinə uyğun qətnamə çıxarmışdır.Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamədə ziddiyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac yoxdur və hazırda tələb olunan formada qətnaməyə izah verilməsi qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 Rayon Məhkəməsinin 2(012)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar