Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-808/2022 14.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkarlar Tələbkar1 və Tələbkar2, Borclu1 iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4747/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4747/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, iddiaçılar Tələbkar1, Tələbkar3 və Tələbkar2 məxsus daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evindən cavabdehlər Borclu2 və Borclu1 7000 manat məbləğində kompensasiya verilməklə, uşaqları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-899/2022 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(012)-4747/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4747/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4747/2021 saylı qətnaməsinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4747/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində fərdi yaşayış evinin ümumi sahəsi 124 kv.m göstərilmiş, lakin faktiki olaraq həmin yaşayış evinin ümumi sahəsi 154 kv.m-dir. Bu halı əsas gətirərək borclular məhkəmə qərarına əsasən, 124 kv.m hissədən çıxmağa razı olduqlarını, lakin həmin fərdi evin əlavə tikilmiş hissəsindən çıxmayacaqlarını bildirərək etiraz etmiş, öz növbəsində, tələbkar isə məhkəmə qətnaməsinə əsasən, borcluların sözügedən ünvanda yerləşən 58 saylı fərdi yaşayış evindən çıxarılmalı olduqlarını tələb edir. Belə olan halda, Abşeron Rayon Məhkəməsinin 2(012)-4747/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinin icra olunmasında bir sıra çətinliklər yaranmışdır. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-4747/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasında yuxarıda qeyd edilən halların müəyyən çətinlik və anlaşılmazlıqlar yarandığı üçün həmin icra sənədinə müəyyən aydınlıq gətirilməklə borcluların qətnaməyə əsasən Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.6 kv.m olan 58 saylı fərdi yaşayış evindən, yoxsa 154 kv.m sahədən çıxarılmalarına müvafiq izahın verilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Tələbkar1 tərəfindən elektron qaydada təqdim olunmuş ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Borclu Ağayeva X2 Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan ümumi sahəsi 124.6 kv.m olan 58 saylı fərdi yaşayış evinə köçdükdən sonra əlavə artırmalar etmiş və hazırda, həmin yaşayış evi 124.6 kv.m deyil və əlavə, 35 kv.m sahə də vardır ki, onu guya özü və həyat yoldaşının vəsaiti hesabına tikmiş və həmin artırmaya görə 15000-20000 manat arası pul xərcləmiş, hazırda, başqa yaşayış yeri olmadığını bildirmişdir. Borclu1 qeyd etdikləri əsassızdır və əsas niyyəti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olmaqdır. Qətnamədən görünür ki, Borclu1 tələbkarın qardaşının arvadıdır və onlarla birgə eyni evdə yaşamaq mümkünsüz hala gəldiyi üçün tələbkar borcluların 7000 manat kompensasiya verilməsi yolu ilə övladları ilə birlikdə fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Həmin tələb iddiaçının qanunla qorunan hüququ olduğu üçün təmin edilmiş və hazırda, qətnamə qüvvəyə minmişdir. Qeyd edilən ünvan isə bir ünvan olduğu üçün borclunun qeyd etdikləri formal mülahizələrdir və onun əsas niyyəti həmin ünvanı ayrı ünvan kimi qələmə verməklə məcburi icra tədbirlərinə mane olmaq, münaqişəli vəziyyəti uzatmaq, gələcəkdə yeni mübahisələr yaratmaq üçün süni surətdə zəmin yaratmaqdır. Borclu təkrar-təkrar “artırma etmiş, ev tikmiş, təmirə xərc çəkmiş, 15000-20000 manat arası pul xərcləmişəm” deməklə bu yalanlarını gələcəkdə sübut kimi istifadə etmək niyyətindədir. Borclu münaqişəli vəziyyəti uzatmaq üçün hüquqdan sui-istifadə edir. Borclu qanunsuz hərəkətləri ilə tələbkarı öz mülkiyyətindən məhrum etməyə çalışır. Əgər mülkiyyətdə olan sahənin ölçüsü artıqdırsa onun borcluya nə aidiyyatı var? Onun əvvəl yaşadığı mənzildən (ev, yaşayış sahəsi) eyni və ya ona uyğun şəkildə yaşaması üçün müvafiq kompensasiya verilirsə onun belə bir hüququ ola bilməz. Ümumiyyətlə isə borclunun hazırkı mübahisə üzrə subyektiv hüququ da yoxdur. İş materiallarından da görünür ki, iddiaçı öz iddiasında cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını istəyir. Həmin ünvan isə vahid olmaqla mülkiyyətçiyə məxsusdur. Borclu1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4747/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ümumi sahəsi 124.6 kv.m olan 58 saylı fərdi yaşayış evindən çıxarılmağı qeyd olunsa da, icra məmuru tikilmiş 35 kv.m olan bir otaqdan da çıxarılmalarını tələb edir. Hər dəfə məhkəmə qətnaməsində mübahisənin 124.6 kv.m olan sahədən getdiyi və həmin sahədən kompensasiya veriləcəyi halda çıxmağa hazır olduqlarını bildirsələr də 35 kv.m olan bir otaq qaynataları X1 razılığı ilə tikilmiş və hardasa 15000-20000 manat arası tikinti-təmirinə xərc çəkilmişdir. Həmin bir otağın qaz-su sayğacları da onun adınadır. Əgər həmin otaqla bağlı hər hansı mübahisə olardısa, yəqin ki,qaynatası oradan da çıxarılmalarını ya da tikilmiş həmin evin qeyri-qanuni tikili kimi sökülməsi barədə iddia qaldırardı. Gələcəkdə qarşı tərəflə razılıq olmayacağı halda, bu, ayrıca məhkəmə mübahisəsi ola bilər. Lakin icra məmuru 58 saylı fərdi yaşayış evinin ümumi sahəsi 124.6 kv.m-dən əlavə tikilmiş, sahəsi 35 kv.m olan bir otaqdan da çıxarılmalarını qanunsuz olaraq tələb edir. Hazırda, başqa yaşayış yeri yoxdur və tikilmiş sahəsi 35 kv.m olan bir otaqdan da çıxarılmaları barədə hər hansı bir məhkəmə qərarı yoxdur. Abşeron rayonu, Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.6 kv.m olan 58 saylı fərdi yaşayış evindən onlar çıxmış və tikilmiş 35 kv.m olan bir otaqda yaşayırlar. Qətnamədə hər şey açıq yazılmışdır. Lakin icra məmuru guya qətnamənin icrasında çətinlik yarandığını və qətnamənin aydın olmamasını əsas gətirərək izah verilməsi barədə məhkəməyə müraciət etmişdir. Halbuki, qətnamədə yazılanlar aydın olmadıqda və icrada çətinlik yaradacağı halda izahla bağlı məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında Tələbkar1 ərizəni qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o və qarşı tərəf mütəxəssis deyildir. Mübahisə predmeti olan fərdi yaşayış evinin memarlıq layihəsi razılaşdırılmaqla aidiyyəti qurumlardan keçmiş və tikintialtı sahəsi 154 kv.m, evin içinin sahəsi isə arakəsmələr çıxılmaqla 124 kv.m təşkil edir. Evin çıxarışı vardır və həmin çıxarış məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda, iddia tələbini mənzildən çıxarılma təşkil edir, otaqdan çıxarılma işin mahiyyətini təşkil etmir. Borclunun əsas məqsədi icra işini uzatmaq məqsədi daşımaqla fərdi yaşayış evindən çıxmaq istəmir. Məhkəmə iclasında Tələbkar2 ərizəni qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və Tələbkar1 izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Borclu1 ərizəni qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra sənədi üzrə kompensasiya depozit hesabına ödənilmişdir. O, 124 kv.m olan evdən çıxmağa razıdır. Lakin onun qonşuları da təsdiq edə bilər ki, onun tərəfindən tikilmiş fərdi yaşayış evi vardır. Tələbkarlar onun yoldaşı olan digər borcluya fərdi yaşayış evi satılandan sonra pulunun ödəniləcəyini bildirmişdir. 7000 manat pul vəsaiti hazırki şəraitdə yaşayış üçün kifayət deyildir. Ya həmin tikilinin pulu ödənilməli, əks təqdirdə, həmin tikilidən çıxmaq niyyəti yoxdur. Tələbkarların niyyəti həmin tikilini kirayə verməkdir. Tikilinin inşası ilə bağlı o, kreditlər götürmüş və bu barədə bank ödəniş qəbzləri onda mövcuddur. Məhkəmə iclasının yeri və vaxtı barədə icra sənədi üzrə Tələbkar3, Borclu2 və icra sənədi üzrə icra məmuru məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək, sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Belə ki, mülki iş materiallarında olan: -xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Tələbkar1 tərəfindən kompensasiya ödənişi olaraq 7000 manat pul vəsaiti ödənilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evinin 1/3 hissəsi Tələbkar1, 1/3 hissəsi Tələbkar2, 1/3 hissəsi isə Tələbkar3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)- 4747/2021 saylı qətnaməsi ilə Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evindən cavabdehlər Borclu2 və Borclu1 7000 manat kompensasiya verilməklə uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarılmaları qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-899/2022 saylı qətnaməsi ilə isə Abşeron rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4747/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin qətnamənin icrası mərhələsində çətinliklərin yaranması onun icrasına maneə yaradan hal olmuş, mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi 58 saylı fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasının qətnamə ilə nəzərdə tutulmasına baxmayaraq həmin fərdi yaşayış evinin ölçüsü tərəflər arasında mübahisə doğurduğundan, nəticədə, icra sənədinin icrası ilə bağlı mövcud ziddiyyətlərin aradan qaldırılması üçün icra məmuru tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli № 4 nömrəli Qərarının 14. bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qanunun və Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanıb qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4747/2021 saylı qətnaməsinə əsasən, Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi 58 saylı fərdi yaşayış evindən cavabdehlərin çıxarılması onun icrası mərhələsində ziddiyyətlərin yaranması və bu hal nəticə etibarı ilə mülkiyyətçinin mənafeyinin pozulması ilə nəticələndiyindən məhkəmə, məhkəmə aktının nəticə hissəsinə izah verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə icra sənədinin izah verilməsinə dair icra məmurunun ərizəsində qoyulmuş suala cavab olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlkin olaraq, müəyyən olunur ki, daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarış ilə 1/3 hissəsi Tələbkar1, 1/3 hissəsi Tələbkar2, 1/3 hissəsi isə Tələbkar3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi 58 saylı fərdi yaşayış evinin ümumi sahəsi 124.60 kv.m müəyyən edilmişdir. Lakin hazırda, borclu tərəfindən ümumi sahəsi 35 kv.m olan hüquqmüəyyənedici sənədi olmayan tikilinin inşa edildiyi iddia edilərək həmin fərdi yaşayış evindən çıxılmasından imtina edilmişdir ki, bu da icra sənədinin icrası mərhələsinə maneə yaradaraq icrasını mümkünsüz hala gətirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 23.1. maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. maddəsinə əsasən, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Məhkəmə ilkin növbədə qeyd edir ki, 2(012)-4747/2021 saylı mülki iş üzrə iddia tələbinin mahiyyətini kompensasiya ödənilməklə fərdi yaşayış evindən çıxarılma təşkil edir və həmin mülki iş üzrə məhkəmə araşdırması zamanı cavabdehlərin çıxarılması nəzərdə tutulan fərdi yaşayış evinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd olan çıxarışa əsasən, 124.60 kv.m təşkil edir. Lakin məhkəmə araşdırması zamanı fərdi yaşayış evinə əlavə artırma olaraq özbaşına tikilinin inşa edilməsi müəyyən edildiyindən, qanunla mənzilə artırmaların edilməsi istisna edilmədiyindən və nəticə etibarı ilə iddia tələbinin predmetini ümumilikdə mənzildən çıxarılma təşkil etdiyindən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Abşeron rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)- 4747/2021 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilməlidir: “İddiaçılar Tələbkar1, Tələbkar3 və Tələbkar2 məxsus daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evindən cavabdehlər Borclu2 və Borclu1 7000 manat məbləğində kompensasiya verilməklə, uşaqları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə fərdi yaşayış evindən çıxarılmaları, həmin evdəki artımalar da nəzərdə tutulmaqla cavabdehlərin evdən çıxarılmaları kimi nəzərdə tutulmalıdır.”. Belə ki, evdəki artırmalar evin ayrılmaz hər hansı bir hissəsidir və ümumilikdə evin özünə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4747/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4747/2021 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: “İddiaçılar Tələbkar1, Tələbkar3 və Tələbkar2 məxsus daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********14-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsi 0.06 ha torpaq sahəsi üzərində yerləşən R.Əzimov küçəsi ümumi sahəsi 124.60 kv.m olan 58 saylı fərdi yaşayış evindən cavabdehlər Borclu2 və Borclu1 7000 manat məbləğində kompensasiya verilməklə, uşaqları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə fərdi yaşayış evindən çıxarılmaları, həmin evdən artımalar da nəzərdə tutulmaqla cavabdehlərin çıxarılmaları kimi nəzərdə tutulmuşdur.” Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-808/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-808/2022
14.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver