Məhkəmə qərarları › İş №8(012)-826/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-826/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-826/2022 22.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi ilə, Borclu iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1383/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 4325.5 manat borc və 85 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1383/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 4325.5 manat borc və 85 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış massivi, 42A ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də Borclu məcburi gətiriməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, dəfələrlə İcra şöbəsinə getmişdir. Ona bir dəfə sms gəlmiş, həmin sms də məhkəmə iclası barədə olmuşdur. O borcu ödəmiş, hətta gecikmə olanda könüllü şəkildə icraya gedərək işsiz olduğunu bildirmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş ona təqdim olunmuşdur. Təxminən 4300 manat borcu vardır. Əvvəl 500 manat, ayın əvvəli 200 manat ödəmişdir. Hazırda, yeni işə daxil olmuş və ödənişlərini edəcəkdir. Telefonunu satmış, bu səbəbdən də ola bilər ki, sms məlumat ona çatmamışdır. Hazırda, istifadəsində mobil telefonu vardır. Təqdimatı vermiş şəxs və iş üzrə tələbkar məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin və tələbkarın iştirakı olmadan keçirilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdırıb belə qənaətə gəlir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış, Borclu icra sənədinin icra olunması barədə məlumat verilmiş, lakin üzrsüz səbəbdən o, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməmiş və icra sənədini icra etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun bildiriş göndərməsinə, telefon və sms vasitəsilə çağırışına baxmayaraq, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1383/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1977-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kəndində anadan olmuş, Biləsuvar rayonu Təzəkənd kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar