Məhkəmə qərarları › İş №8(012)-827/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-827/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-827/2022 22.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu2 məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 2(079)-5/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu2 hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Borclu1 xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar Borclu2 məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 2(079)-5/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu2 hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Borclu1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu2 icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də Borclu2 məcburi gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclası həmin tərəflərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. İcra orqanı təqdimata icraata başlamaq haqqında qərarın və bildirişin surətini əlavə etsə də, bildirişin borcluya çatması barədə və digər aparılmış zəruri icra tədbirləri barədə sənədlərini məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində, müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu2 Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar