Məhkəmə qərarları › İş №8(012)-836/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-836/2022

26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-836/2022 26.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar Orucova (Qarayeva) Çiyalə Məmməd qızının, Borclu iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2381/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2381/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış, sonradan icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə icraata daxil olmuşdur. Borclu aliment üzrə vaxtlı-vaxtında ödənişlər etməmiş və nəticədə, 17000 manatdan artıq aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də icra sənədinə əsasən, xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, borclu tərəfindən icra sənədi üzrə 3-4 ay müddətdir ki, alimentin ödənilməsi təmin edilir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, təqdimatda qeyd edilmiş borca onun ödədiyi məbləğlər də daxildir. May ayından etibarən 2400 manat aliment ödəmişdir, hər ay da davamlı şəkildə ödəyəcəkdir. Ölkə xaricinə çıxmır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2381/2015 saylı. xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin on gün müddətində könüllü icra edilməsi barədə bildiriş ünvan üzrə tərəflərə göndərilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 37/13 saylı evdə qeydiyyatda olan və ünvan 2a yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar