Məhkəmə qərarları › İş №8(012)-94/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-94/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-94/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar MMC-nin vəkil-nümayəndəsi Vəkil iştirakı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev Borclu MMC-in mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-618/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu MMC-dən 22656,86 manat məbləğində pul vəsaiti iddaçı Tələbkar MMC-nin xeyrinə tutulması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu MMC-in adına qeydiyyata alınmış və mülkiyyətində “Fiat Fiorino” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-618/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 22656,86 manat məbləğində pul vəsaiti iddaçı Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Borclu şəxs tələbi könüllü olaraq icra etmədiyi üçün barəsində məcburi icra tədbirlərinin görülməsi zəurəti yaranmışdır. Elektron icra sistemində əldə edilən məlumata əsasən Borclu MMC-nin adına “Fiat Fiorino” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu MMC-nin adına qeydiyyata alınmış və mülkiyyətində “Fiat Fiorino” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar MMC-nin vəkil-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, 8 aydır ki, ödəniş yoxdur. Borcu qalmışdır. Odur ki, təqdimat təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, “Fiat Fiorino” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu MMC-nin mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 618/2024 saylı xx.xx.2024-cü il tarixli icra qeydi könüllü icra olunmadığından, Borclu MMC mülkiyyətində olan “Fiat Fiorino” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Borclu MMC-nin adına qeydiyyata alınmış və mülkiyyətində olan “Fiat Fiorino” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar