Məhkəmə qərarları › İş №8(013)-120/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-120/2025

30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-120/2025 30.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Ələkbərov Mətləb tərəfindən qəbul edilmiş «İcra sənədinin geri qaytarılması haqqında» xx.xx.2025-ci il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətə Ağdam Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 şikayətlə məhkəməyə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Ələkbərov Mətləb oğlu tərəfindən qəbul edilmiş “İcra sənədinin geri qaytarılması haqqında» xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin təkrar icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 589\2023 saylı qətnaməsinə əsasən X3 xx.xx.2020-ci il təvəllüdlü Cavidan adlı uşağımızın saxlanması üçün 140 manat məbləğdə aliment tutulması qət edilmişdir. Həmin iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (013)- 589\2023 saylı icra vərəqəsi icra edilməsi üçün Bərdə rayon İcra cə Probasiya Şöbəsinə göndərilmişdir. Sonralar borclu X5 ilə barışaraq könüllü olaraq alimenti ödəməyə razılıga gəlmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (013)-589\2023 saylı icra sənədi üzrə açılmış icra işi qeri qaytarılmışdır. Lakin ərizəçi X2 uşağın saxlanması üçün maddi vəziyyətinin yaxşı olmadığını və borclu X5 uşagın saxlanması üçün heç bir köməklik etmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmişdir. Ona görə də hesab etmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(021)-589\2023 saylı icra sənədi üzrə açılmış Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icra işi icrasız qaytarılmasına dair qərarı ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmələrinə baxmayaraq Bərdə rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə şikayəti və iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan şikayət qismən təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu icra sənədinin icrası mümkün olmadığından «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının qanuniliyinin təsdiq etmək üçün məhkəməyə sənədləri təqdim etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi onu vermiş məhkəməyə qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsində göstərilmişdir ki, icra sənədinin qaytarılması bu qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaranmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur (MPM-nin 15.2 və 15.3-cü maddələri). Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqraf). Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi hər bir şəxs özünün hüquq və vəzifələrinin məhkəmədə mübahisələndirilməsi hüququna malikdir. Bu qayda məhkəmə araşdırması hüququnu özündə ehtiva edir. Bu hüquq illyuziya olardı, əgər razılığa gələn tərəflərin hüquq sistemində qanuni qüvvəsini almış məhkəmə qərarının məcburi qüvvəsi bir tərəfin mənafeyinə ziyan vurmuş olmasın. 6-cı maddənin 1-ci bəndində qeyd olunmuş tərəflərə verilmiş ədalətli, aşkar və təxirəsalınmaz məhkəmə prosesi hüququnu məhkəmə qərarının icra olunmaması hüququndan ayrılıqda təsəvvür etmək mümkün deyildir. 6-cı maddənin məzmununda yalnız ədalət mühakiməsinə müraciət etmə və məhkəmə baxışı prosesi nəzərdə tutulmuş olsaydı, onda hüququn aliliyi prinsipi pozulmuş olardı, halbuki həmin prinsiplər konvensiyanı ratifikasiya etmiş tərəflər razılaşaraq qeyd edilən qaydaları qorumağı üzərlərinə öhdəlik kimi götürmüşlər («Xornsbi Yunanıstana qarşı» Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli qərarı). Beləliklə, mövcud qanunvericliyin tələbinə görə qeyd olunan şikayət qismən təmin edilməli, «İcra sənədinin qaytarılması haqqında» xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Ələkbərov Mətləb oğlu tərəfindən qəbul edilmiş «İcra sənədinin qaytarılması haqqında» xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (013)-589\2023 saylı icra sənədi yenidən icraya yönəldilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar