Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-26/2025 20.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, X1, Tələbkar, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2349/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsinə 20 fevral 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu E.N.Eyvazov rayon məhkəməsinə ünvanladığı ərizəsində Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2349/2024 saylı qətnaməsinin hər ay 150 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu qismində məhkəmədə izahat verən E.N.Eyvazov ərizəni müdafiə edərək evində üç xəstə uşağı və onkoloji xəstə olan anası olduğundan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2349/2024 saylı qətnaməsini icra edə bilmədiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Təlabkar qismində məhkəmədə izahat verən Tələbkar qətnamənin hissə-hissə icra olunmasına etiraz etdiyini bildirmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.V.Qarayev məhkəmədə izahat verib icra sənədinin icraatına başladıqdan sonra borclunun tələbkarın xeyrinə hər hansı bir məbləği ödəmədiyini bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmədə elan edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2349/2024 saylı qətnaməsi ilə E.N.Eyvazovdan ümumilikdə 3797,40 manat tutularaq Tələbkar verilməsi qət edilmiş, sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Ağdam Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin şöbənin böyük icra məmuru Nurəddin Qarayev xx.xx.2024-cü ildə icra sənədinin icraatına başlanılması bərədə qərar qəbul etmişdir. Bundan sonra borclu tələbkar tərəfin xeyrinə hər hansı bir ödəniş etməmişdir. Öhdəliyin hissə-hissə icra edilməsinə tələbkarın razılığı olmamışdır. Borclu E.N.Eyvazov sadəcə olaraq qətnaməni hissə-hissə icra etməyə nail olmaq üçün çalışaraq, qətnamənin icrasını qeyri müəyyən müddətə qədər uzatmaqla dolayı yolla qətnaməni icra etməkdən yayınmaq istəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.1-ci maddəsində qeyd edilmişdir ki, əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaranmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur (MPM-nin 15.2 və 15.3-cü maddələri). Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqraf). Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi hər bir şəxs özünün hüquq və vəzifələrinin məhkəmədə mübahisələndirilməsi hüququna malikdir. Bu qayda məhkəmə araşdırması hüququnu özündə ehtiva edir. Bu hüquq illyuziya olardı, əgər razılığa gələn tərəflərin hüquq sistemində qanuni qüvvəsini almış məhkəmə qərarının məcburi qüvvəsi bir tərəfin mənafeyinə ziyan vurmuş olmasın. 6-cı maddənin 1-ci bəndində qeyd olunmuş tərəflərə verilmiş ədalətli, aşkar və təxirəsalınmaz məhkəmə prosesi hüququnu məhkəmə qərarının icra olunmaması hüququndan ayrılıqda təsəvvür etmək mümkün deyildir. 6-cı maddənin məzmununda yalnız ədalət mühakiməsinə müraciət etmə və məhkəmə baxışı prosesi nəzərdə tutulmuş olsaydı, onda hüququn aliliyi prinsipi pozulmuş olardı, halbuki həmin prinsiplər konvensiyanı ratifikasiya etmiş tərəflər razılaşaraq qeyd edilən qaydaları qorumağı üzərlərinə öhdəlik kimi götürmüşlər («Xornsbi Yunanıstana qarşı» Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli qərarı). Belə olan halda Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)- 2349/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu E.N.Eyvazovun ərizəsi təmin oluna bilməz. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231,263-264,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2349/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi əsassız olduğundan rədd edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №8(013)-26/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-26/2025
20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver