Məhkəmə qərarları › İş №8(013)-6/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-6/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-6/2024 29.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-250/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə 29 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu R.İ.Hümbətov rayon məhkəməsinə ünvanladığı ərizəsində Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-250/2023 saylı qətnaməsinin hissəvi ödənişi, hər ay 100 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu qismində məhkəmədə izahat verən R.İ.Hümbətov ərizəni müdafiə edərək göstərmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-250/2023 saylı qətnaməsi ilə ondan ümumilikdə 4255 manat tutularaq Tələbkar verilməsi qət edilmişdir. Həmin pulu birdəfəlik ödəmək imkanının olmadığını, fəhlə bazarında işlədiyini, dəvət olunanada avtomobil təmir sexində usta köməkçisi işlədiyini, himayəsində iki azyaşlı uşaq olduğunu, hər iki valideyinin İİ qrup əlil olduğunu, evin yeganə qazanc gətirəni olduğunu qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin nümayəndəsinə, Tələbkar ərizəyə baxılmasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, onlar məlum olmayan səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmədə elan edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-250/2023 saylı qətnaməsi ilə R.İ.Hümbətovdan ümumilikdə 4255 manat tutularaq Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.1-ci maddəsində qeyd edilmişdir ki, əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər. Göründüyü kimi öhdəliyin hissə-hissə icra edilməsinə tələbkarın razılığı olmamışdır. Borclu R.İ.Hümbətov sadəcə olaraq qətnaməni hissə-hissə, yəni hər ay 100 manat ödəməyə nail olmaq üçün çalışaraq, qətnamənin icrasını qeyri müəyyən müddətə qədər uzatmaqla dolayı yolla qətnaməni icra etməkdən yayınmaq istəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaranmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur (MPM-nin 15.2 və 15.3-cü maddələri). Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqraf). Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi hər bir şəxs özünün hüquq və vəzifələrinin məhkəmədə mübahisələndirilməsi hüququna malikdir. Bu qayda məhkəmə araşdırması hüququnu özündə ehtiva edir. Bu hüquq illyuziya olardı, əgər razılığa gələn tərəflərin hüquq sistemində qanuni qüvvəsini almış məhkəmə qərarının məcburi qüvvəsi bir tərəfin mənafeyinə ziyan vurmuş olmasın. 6-cı maddənin 1-ci bəndində qeyd olunmuş tərəflərə verilmiş ədalətli, aşkar və təxirəsalınmaz məhkəmə prosesi hüququnu məhkəmə qərarının icra olunmaması hüququndan ayrılıqda təsəvvür etmək mümkün deyildir. 6-cı maddənin məzmununda yalnız ədalət mühakiməsinə müraciət etmə və məhkəmə baxışı prosesi nəzərdə tutulmuş olsaydı, onda hüququn aliliyi prinsipi pozulmuş olardı, halbuki həmin prinsiplər konvensiyanı ratifikasiya etmiş tərəflər razılaşaraq qeyd edilən qaydaları qorumağı üzərlərinə öhdəlik kimi götürmüşlər («Xornsbi Yunanıstana qarşı» Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli qərarı). Belə olan halda Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 250/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu R.İ.Hümbətovun ərizəsi təmin oluna bilməz. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231,263-264,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-250/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi əsassız olduğundan rədd edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar