Məhkəmə qərarları › İş №8(013)-69/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №8(013)-69/2025

23.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 8(013)-69/2025 23.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından X1nın verdiyi şikayətə 23 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-522/2023 saylı qətnaməsi ilə X2 on üç min manat alınaraq X5 verilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-522/2023 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə borclunun əmlakı və gəlirləri aşkar olunmadığından «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. X7 xx.xx.2025-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək onun ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. X1, borclu X6 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının keçirilməsinin vaxt və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər. Ona görə də məhkəmə şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 icra sənədinin icrası mümkün olmadığından “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının qanuniliyinin təsdiq etmək üçün məhkəməyə sənədləri təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi onu vermiş məhkəməyə qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsində göstərilmişdir ki, icra sənədinin qaytarılması bu qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaranmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur (MPM-nin 15.2 və 15.3-cü maddələri). Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqraf). Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi hər bir şəxs özünün hüquq və vəzifələrinin məhkəmədə mübahisələndirilməsi hüququna malikdir. Bu qayda məhkəmə araşdırması hüququnu özündə ehtiva edir. Bu hüquq illyuziya olardı, əgər razılığa gələn tərəflərin hüquq sistemində qanuni qüvvəsini almış məhkəmə qərarının məcburi qüvvəsi bir tərəfin mənafeyinə ziyan vurmuş olmasın. 6-cı maddənin 1-ci bəndində qeyd olunmuş tərəflərə verilmiş ədalətli, aşkar və təxirəsalınmaz məhkəmə prosesi hüququnu məhkəmə qərarının icra olunmaması hüququndan ayrılıqda təsəvvür etmək mümkün deyildir. 6-cı maddənin məzmununda yalnız ədalət mühakiməsinə müraciət etmə və məhkəmə baxışı prosesi nəzərdə tutulmuş olsaydı, onda hüququn aliliyi prinsipi pozulmuş olardı, halbuki həmin prinsiplər konvensiyanı ratifikasiya etmiş tərəflər razılaşaraq qeyd edilən qaydaları qorumağı üzərlərinə öhdəlik kimi götürmüşlər («Xornsbi Yunanıstana qarşı» Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli qərarı). Belə olan halda Azərbaycan Respublikasının Konstitusiyasının, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarının tələbi baxımından da Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 qəbul etdiyi icra sənədinin (Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-522/2023 saylı qətnaməsinin əsasında verilmiş icra vərəqəsinin) məhkəməyə qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 qəbul etdiyi icra sənədinin (Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-522/2023 saylı qətnaməsinin əsasında verilmiş icra vərəqəsinin) məhkəməyə qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarından X1nın verdiyi şikayət təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 qəbul etdiyi icra sənədinin (Ağdam Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(013)-522/2023 saylı qətnaməsinin əsasında verilmiş icra vərəqəsinin) məhkəməyə qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar