Məhkəmə qərarları › İş №8(014)-111/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-111/2023

20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-111/2023 20.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(014)-1201/2022 nömrəli qətnaməsinə əsasən Tələbkar olan borcunu hər ay hissə-hissə icra edilməsi barədə Borclu tərəfindən verilmiş ərizəyə 20 aprel 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(014)-1201/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Borclu ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(014)-1201/2022 nömrəli qətnaməsinə əsasən ondan dəymiş maddi ziyana görə 1515 manat, 35 manat 15 qəpik dövlət rüsumu olmaqla cəmi 1550 manat 15 qəpik pulun alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhərində kuryer işləyir. Ailə vəziyyəti ilə əlaqədar qətnamə üzrə olan borcun hissə-hissə, yəni ayda 20-30 manat olmaqla hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya məlumat verilmiş, lakin icra məmuru, tələbkar və borclu məhkəmə iclasında iştirak etməmişlər. Tələbkar ərizə ünvanlayaraq, Borclu ərizəsində qeyd edilənlərin əsassız olduğunu, qətnamə qəbul edildiyi vaxtdan borclu tərəfindən heç bir ödəniş ödənilmədiyini, buna görə də ərizənin rədd edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(014)-1201/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Borclu dəymiş maddi ziyana görə 1515 manat, 35 manat 15 qəpik dövlət rüsumu olmaqla cəmi 1550 manat 15 qəpik pulun alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. İcra haqqında Azərbaycan Respublikası qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ərizəçi məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsində borcu hər hissə-hissə şəklində ödəyəcəyini bildirmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür.(“Stren” X3 Zavodu və X1rşı”, 09 dekabr 1994-cü il). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulacağını, habelə borclu tərəfindən qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim etməməyini nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(014)-1201/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan elan olunduğu vaxtdan, prosesdə iştirak etməyən tərəfə isə rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar