Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-27/2025 03.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə borclu X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X6 ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin icra qaydası dəyişdirilərək, Ağdaş rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(014)-67/2022 nömrəli qətnaməsi ilə 15 oktyabr 2014-cü il təvəllüdlü X3 və 19 avqust 2019-cu il təvəllüdlü X1 üçün, 23 sentyabr 2021-ci il tarixdən başlayaraq uşaqlar 18 yaşına çatanadək hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində tutulan alimentin məbləği ideksasiya edilərək hər ay hər uşağa görə sonrak artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli miqdarında, yəni 246 manat sabit pul məbləğində aliment maraqlı şəxs Borclu tutularaq X5 ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq, 19 avqust 2019-cu il təvəllüdlü X7 və 15 oktyabr 2014-cü il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 21 noyabr 2014-cü ildə o Borclu ilə rəsmi nikah qeyd etdirmişdir. Sonradan aralarında olan narazılıqlara görə tərəfindən nikahların pozulması üçün məhkəməyə müraciət edilmiş və Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(014)-67/2022 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra onların birgə nikahlarından 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X8 və 19 avqust 2019-cu il tarixdə anadan olmuş X7 adlı uşaqlarının onun yanında qalmaları müəyyən edilərək 23 sentyabr 2021-ci il tarixdən başlayaraq uşaqların saxlanmaları üçün, maraqlı şəxsdən onun xeyrinə uşaqlar 18 yaşına çatandək hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda alimentin ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qərarından 2 ildən çox vaxt keçmişdir. Bu müddət ərzində uşaqlar da 2 yaş böyümüşlər və onların maddi tələbatları xeyli artmışdır. Artıq Ağdaş Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə müəyyən edilmiş 120 manat pul vəsaiti uşaqların maddi təminatlarının və digər xərclərinin ödənilməsi üçün kifayət etmir. Belə ki, iki il ərzində ölkədə inflyasiya baş vermiş, ərzaq və gündəlik təlabat malları, o cümlədən kommunal xidmətlər xeyli bahalaşmışdır. Uşaqlar böyüdükcə onlarda atasına qarşı ehtiyac və tələbat artsa da, ataları uşaqların həyatı, sağlamlığı, təhsili və maddi vəziyyəti ilə qətiyyən maraqlanmır və onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Belə olan halda uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Qeyd edilən səbəblərdən hazırda alimentin məbləğinin indeksasiyalaşdırılması zərurəti yaranmışdır. Məhkəmə ərizə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X3 və 19 avqust 2019-cu il tarixdə anadan X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(014)- 67/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş (120 manat məbləğində) alimentin miqdarının 246 manat məbləğində indeksasiya olunmasını tələb etsə də, ərizənin mahiyyətindən görünür ki, həmin ərizənin mahiyyəti alimentin artırılmasından ibarətdir və həmin ərizəyə iddia icraatı qaydasında baxılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ərizəçiyə məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyasının aparılması ilə əlaqədar məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə məhkəməyə, aparılmış indeksasiyasiya əsasında ölkə üzrə minimum əmək haqqına mütənasib sabit pul məbləğində alimentin müəyyənləşdirilməsi üçün icra məmuruna, yaxud cavabdehin işlədiyi yerin rəhbərliyinə, habelə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda isə iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələblərinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq və MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə və ərizəyə əlavə edilmiş sənədlər borclu X5 geri qaytarılsın. Ərizəçiyə məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyasının aparılması ilə əlaqədar məhkəmə qərarlarının icrası qaydasında ərizə ilə məhkəməyə, aparılmış indeksasiyasiya əsasında ölkə üzrə minimum əmək haqqına mütənasib sabit pul məbləğində alimentin müəyyənləşdirilməsi üçün icra məmuruna, yaxud cavabdehin işlədiyi yerin rəhbərliyinə, habelə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda isə iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-27/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-27/2025
03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver