Məhkəmə qərarları › İş №8(014)-378/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-378/2025

06.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-378/2025 06.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Ərizəçi Tələbkar iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(014)-250/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-250/2020 saylı 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X6 xeyrinə hər ay hər uşağa görə 100( bir yüz) manat aliment tutulması,X4 və X2 xəstəliyi ilə bağlı əlavə xərclərdə iştiraka görə Borclu hər uşağa görə hər ay 20 manat məbləğində pul tutulması qət edilmişdir. Hazırda 2020-ci il tarixdə müəyyən edilmiş alimentin indeksasiyası zərurəti yaranmışdır. Belə ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Belə olan halda hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı indeksasiyası olunmalıdır. Tələbkar xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, indeksasiya ilə bağlı ərizəsinin əlavə xərcə dair hissədə baxılmasını istəmədiyini, həmin tələblə bağlı müvafiq sübutlar əlavə etməklə ayrıca iddia qaldıracagını, odur ki, qətnamənin aliment məbləğinə dair hissədə baxılaraq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahat verərək, ərizəsini müdafiə etdiyini bildirdi və hər uşağa görə təyin edilmiş 100 manat məbləğində alimentlərin indeksasiya olunmasını xahiş etdi. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində icra məmuruna və borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 231.2-ci maddəsinə əsasən icra məmurunun və borclunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin 20 fevral 2020 -ci il tarixli, 2(014)-250/2020 saylı qətnaməsinin surətindən görünür ki, Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 100 manat məbləğində aliment X6 xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş 30 aprel 2025-ci il tarixli, arayışlardan görünür ki, X7 21 oktyabr 2013-cü ildə Ağdaş şəhərində, X8 04 iyul 2015-ci ildə Ağdaş şəhərində, X5 12 dekabr 2016-cı ildə Ağdaş şəhərində anadan olmuş, onların atası Borclu, anası isə X9r. Mülki Prosessual Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 01 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi ərizəçinin indeksasiya olunmasını istədiyi məhkəmənin alimentlə bağlı qətnaməsi 2020-ci ilin fevral ayında qət edilmişdir. Həmin vaxt Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat olmuşdur. Buradan da aydın olur ki, həmin vaxt qət edilən alimentin miqdarı minimum əmək haqqının 0,40 misli həddində olmuşdur. Beləliklə məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Ağdaş Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(014)-250/2020 saylı qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2019-cu il tarixdən 250 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(014)-250/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tələbkar ərizəsi təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(014)-250/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 (sıfır tam yüzdə qırx) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar