Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-424/2025 28.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Ağdaş Rayon Notariat Kontoru tərəfindən verilmiş i-7036 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Notariat Kontoru tərəfindən verilmiş i-7036 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X3 Səhmdar Cəmiyyətinin xeyrinə Borclu müqavilə üzrə ödənilməmiş 8276 manat 57 qəpik tutulmalıdır. Bundan əlavə borcludan ödənilmiş 25 manat məbləğində rüsum olmaqla cəmi 8301 manat 57 qəpik pul tutulmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu təqdim edilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən olunmuşdur. Həmin tarixdən ötən müddət ərzində icra sənədinin icrası təmin olunmamışdır. Buna görə də Borclu ölkədə getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Sonda icra məmuru təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. Belə ki, icra məmuru öz təqdimatında qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı zəruri sənədləri nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Eyni zamanda borclunun icra sənədini üzürsüz səbəbdən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməməklə məhz bu tədbirin görülməsinin zəruriliyinin nədə ifadə olunduğunu təqdimatda ümumiyyətlə əsaslandırılmamışdır. İş materiallarından görünür ki, Borclu xx.xx.2025-ci il tarixldə izahatı alınmaqla, həmin tarixdə icra ilə bağlı sonuncuya məlumat verilməsinə baxmayaraq, heç bir müddət gözlənilmədən cəmi 1 gün sonra xx.xx.2025-ci il tarixdə onun barəsində təqdimatla məhkəməyə müraciət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borcluya icra üçün kifayət qədər vaxt vermədən, izahatı alındıqdan 1 gün sonra icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması üçün təqdimatla müraciət etməsi vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş «Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat»ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, icra məmuru tərəfindən qeyd edilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmiş, tələbin könüllü icrası barədə bildirişin borcluya çatması vaxtı dəqiqləşdirilmədən, onun icra sənədi ilə bağlı izahatı alındıqdan cəmi 1 gün sonra barəsində ölkədən getməsinə məhdudiyyət qoyulması üçün təqdimatla məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Ağdaş Rayon Notariat Kontoru tərəfindən verilmiş i-7036 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasovun təqdimatı əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Notariat Kontoru tərəfindən verilmiş i-7036 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasovun təqdimatı rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №8(014)-424/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-424/2025
28.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver