Məhkəmə qərarları › İş №8(014)-90/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-90/2022

07.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-90/2022 07.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizə vermiş şəxs A.İsrəfilovanın İcra sənədi üzrə Tələbkar Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru T.Kərimovun iştirakı ilə Qətnamənin icrasına möhlət verilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)- 26/2020 saylı 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edildiyini, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində 08 noyabr 2010-ci il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonunun Şəmsəbad kəndində yerləşən tam mülkiyyət hüququ ilə Tələbkar məxsus olan 0.24 hektar həyətyanı torpaq sahəsindən məcburi çıxarılması, həmin torpaq sahəsindən istifadəyə ona qadağan edilməsi və həmin torpaq sahəsində özbaşına tikilmiş tikili - yaşayış evinin onun hesabına sökülməsinin qət edildiyini, qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icrası üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərildiyini, işi ilə əlaqədar faktiki olaraq Bakı şəhərində yaşadığını və tam orta məktəbdə müəllimə işlədiyini, mübahisəli yaşayış evinin sökülməsinin müəyyən vaxt tələb etdiyini, Bakı şəhərində müəllimə işlədiyinə görə hazırda həmin evin sökülməsini həyata keçirə bilmədiyini, yalnız məktəblilərin yay tətilində buna imkanının olacağını bildirərək qətnamənin icrasına 2022-ci ilin iyul ayının sonuna qədər möhlət verilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, qeydiyyatı Ağdaş rayonu Şəmsəbad kəndi olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır və orada müəllimə işləyir, himayəsində azyaşlı uşağı vardır, hazırda səhhətində də problemlər var, söküləcək ev tam hazır olmasa da, ikimərtəbəli evdir, sökülməsinə xeyli vaxt lazımdır, evin sökülməsini yalnız məktəblilərin tətil günlərində həyata keçirə bilər, əgər tələbkar qətnamənin icrasına çox tələsirsə evi sökmədən ona torpaq sahəsi üçün 7500 manat pul təklif edə bilər, əks halda, yəni əgər tələbkar buna razılaşmırsa qətnamənin icrası üçün 2022-ci ilin iyul ayına qədər ona möhlət verilməsini xahiş edir. Tələbkar məhkəmə iclasında ərizədə göstərilənlərə etiraz edərək bildirdi ki, X1 2018ci ildən bu yana ötən 4 il müddətində müxtəlif əsassız bəhanə və iddialarla özbaşına tikilini sökməkdən yayınır, məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən iki il keçməsinə baxmayaraq hələ də qətnamənin icrası ilə bağlı icra məmurunun çağırışlarına gəlmir, qanunsuz tikilmiş evini sökmür. Həmçinin bildirir ki, X3 əgər evin sökülməsi üçün vaxtı bəhanə gətirirsə, bu iki ildə dəfələrlə yay tətili, qeyri iş günləri olmuşdur, istəsəydi çoxdan evi sökərdi, lakin o, istəmədiyindən bu günə qədər evi sökməmişdir. X1 onun torpaq sahəsindən ümumiyyətlə çıxması üçün etdiyi pul təklifinə gəlincə isə, 7500 manata razı deyil, əgər 10000 manat verərsə onun təklifini qəbul edər. Hazırki vəziyyətdə ərizənin təmin edilməməsini xahiş edir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Taleh Kərimov məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı 09.07.2020-ci il tarixli icra sənədinin 26.08.2020-ci il tarixdə icraatına daxil olduğunu, qətnamədən apellyasiya şikayəti verildiyinə görə icra sənədi üzrə icraatın dayandırıldığını, 13.01.2022-ci il tarixdə icra sənədi üzrə icraatın təzələndiyini və icra sənədi üzrə borclu X2 qətnaməni icra etməsi üçün dəfələrlə İcra və Probasiya şöbəsinə çağırıldığını, lakin onun çağırışlara gəlmədiyini, icra sənədini icra etməkdən qərəzli şəkildə boyun qaçırdığı üçün tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyini və X1 məhkəmənin 17.03.2022-ci il tarixli qərarı ilə 500 manat məbləğdə inzibati cərimə edildiyini, lakin bundan sonra da qətnamənin icrasından boyun qaçıraraq yalnız yay tətili günlərində evi sökə biləcəyini dediyini, buna görə də icra sənədinin bu günə qədər icra edilmədiyini bildirdi. Ərizə vermiş şəxsi, icra sənədi üzrə tələbkarı və icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı 09 iyul 2020-ci il tarixli icra sənədinin icrasına 2022-ci ilin iyul ayına kimi möhlət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında Qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənləri, yəni qətnamədə göstərilən evin sökülməsi və ərazidən daşınması vaxt tələb etdiyindən və yaxın zaman ərzində icra sənədi üzrə borclunun evin sökülməsini həyata keçirməyə və daşımağa imkanı olmadığına, eyni zamanda yaranmış problemin aradan qaldırılması üçün icra sənədi üzrə tələbkara müəyyən məbləğdə pul təklif etdiyini, lakin tələbkarın buna razı olmayaraq daha yüksək məbləğdə pul istədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı 09.07.2020-ci il tarixli qətnaməsinin icrasına 2022-ci ilin iyul ayının sonuna qədər möhlət verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263,264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-26/2020 saylı 09.07.2020-ci il tarixli qətnaməsinin icrasına 2022-ci ilin iyul ayının sonuna qədər möhlət verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar