Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 8(015)-33/2025 07.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, X1 iştirakı ilə, Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin indeksasiya olunması ilə bağlı X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunması və təyin olunmuş alimentin miqdarının artırılaraq hər iki uşaq üçün tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2007-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuş, xx.xx.2011-ci il tarixdə nikahlarını Ağstafa Rayon Qeydiyyar şöbəsində rəsmiləşdirmişlər. Onunla birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi aliment təyin edilmişdir. Hazırda təyin edilmiş alimentlə uşaqların saxlanılma xərclərini qarşılaya bilmədiyi üçün həmin məhkəmə qətnaməsinin indeksasiya olunaraq alimentin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X3 ərizəni müdafiə edib təmin olunması barədə qərardad çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəyə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, iş üzrə tərəflərin birgə nikahdan xx.xx.2009cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan iki uşaqları vardır. Ağstafa Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay Maraqlı şəxs bir uşağın saxlanılması üçün 130 manat olmaqla cəmi 260 manat məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyə əsasən aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının artırılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Hazırki vəziyyətdə bir uşağa görə 130 manat aliment məbləği yaşayış minimumundan da aşağıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 saylı qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndində qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Nəzərə alsaq ki, Ağstafa Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs tutulan alimentin miqdarı ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 130 manat müəyyən edilmişdir. Hazırda isə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Bu səbəbdən Maraqlı şəxs tutulan alimentin miqdarı artırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminatının səviyyəsini, onun hüquq və mənafeyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı indeksasiya olunaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (400 x 0,375 = 150 manat) 0,375 misli həddində olmaqla iki uşaq üçün 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunduğundan, hazırki qərardad dərhal icraya yönəldilməlidir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110, 112 və Azərbaycan Respublikası MPM-nın 232, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizə təmin edilsin Ağstafa Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı indeksasiya olunaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində olmaqla ümumilikdə 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №8(015)-33/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №8(015)-33/2025
07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver