Məhkəmə qərarları › İş №8(016)-283/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №8(016)-283/2023

27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 8(016)-283/2023 27.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Ağsu rayon İcra və Probasiya şöbəsinin Borclu “məcburi gətirilməsi barədə” təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu barəsində məcburi gətirilmə tətbiq edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən verilmiş icra sənədinə əsasən, borclu tərəfindən tələbkar şəxsə borcunun ödənilməsinə dair qərar üzrə müvafiq icra tədbirləri aparılmış, borcluya rəsmi xəbərdarlıqlar edilmiş, ödəmənin könüllü olaraq təyinatı üzrə köçürülməsi və Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi ondan tələb edilmişdir. Lakin borclu borcunun tam ödənilməsindən qəsdən yayınır, icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə davam edir. Belə vəziyyətdə iş üzrə Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə gəlməsi, qanunla nəzərdə tutulan inzibati və cinayət məsuliyyətinin ona elan edilməsi zəruridir. İş üzrə borcluya, tələbkara və Ağsu rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Ağsu Rayon Məhkəməsinin 2(016)-58/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1984-cü ildə Ağsu rayonunda anadan olmuş, Ağsu rayonu, Nuran kəndində yaşayan Borclu xx.xx.2017-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anaları X1 himayəsində saxlanılması, xx.xx.2014-cü il təvəlüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanımaları üçün Borclu xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə icra vərəqəsi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsinin borclunun məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağsu rayonu, Nuran kəndində yaşayan Borclu məcburi qaydada Ağsu rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimat verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Ağsu rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş xx.xx.2023-cü ildə göndərilmiş, həmin qərar və bildirişin borclu tərəfindən qəbul edilib-edilməməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa onun hazırkı dövrdə icra qurumuna dəvət olunması və bunun müqabilində borclunun icra qurumuna gəlməkdən imtina etməsi təsdiqini tapmamış, həmçinin onun icra məmurunun qanuni tələbləririni yerinə yetirməməsi iş materialları ilə sübut olunmamışdır. Beləliklə, məhkəmə təqdimatı nəzərdən keçirərək hesab edir ki, Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Borclu Ağsu rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar