Məhkəmə qərarları › İş №8(017)-72/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №8(017)-72/2023

14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 8(017)-72/2023 14.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi, Borclu vəkili Vəkil iştirakı ilə, Borclu Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)- 1332/2022 nömrəli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Borclu Ağcabədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)-1332/2022 nömrəli qətnaməsinin hissə-hissə icra olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)-1332/2022 nömrəli məhkəmə qətnaməsinə əsasən ondan 15139 manat məbləğində pulun alınaraq X2 verilməsi qət edilmişdir. Lakin bu günədək olan borcunu ödəməmişdir. Ona görə ki, heç bir yerdə işləmir, sabit gəliri yoxdur. Hər ay 350 manat ödəməyə imkanı vardır. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)-1332/2022 nömrəli məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi üçün hər ay borc məbləği tam ödənilənədək 350 manat pulun ondan alınıb X2 verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu vəkili Vəkil ərizəni müdafiə edərək qeyd edilən xüsusatların nəzərə alınmasını və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə vəkilin çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Borclu Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)- 1332/2022 nömrəli qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)-1332/2022 nömrəli qətnaməsi icraya yönəldilmiş, icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda Borclu heç bir yerdə işləmir, sabit gəliri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Mirzəyev Azərbaycana qarşı” 03 dekabr 2009-cu il tarixli iş üzrə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tərəflərə verilən prosessual təminatları - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - təfsilatı ilə izah etməsi müqabilində, məhkəmə qərarlarının icrasının qorunmaması ağlasığmaz olar; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırılmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərilərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxara bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qərarının təxirə salınması elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər. Hazırkı iş üzrə məhkəmənin mövqeyi ondan ibarətdir ki, qətnamənin icrasının qeyri-müəyyən müddətə qədər uzanmaqla uzun müddət icrasız qala biləcəyi, qətnamənin çıxarıldığı vaxtdan hazırkı dövrə kimi borclu tərəfindən borc tələbkar tərəfə ödənilməmişdir. Ona görə də məhkəmə ərizənin təmin edilməməsi nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Borclu Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)- 1332/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün ərzində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar